Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərdə yeni mərhələ başlayır. Siyasi, iqtisadi və diplomatik baxımdan əhəmiyyətli bu yaxınlaşma iki ölkə arasında əməkdaşlığın daha da dərinləşəcəyinə işarə edir. Xüsusilə ABŞ-da Donald Trampın yenidən prezident seçilməsindən sonra yaranan yeni imkanlar strateji tərəfdaşlıq üçün real zəmin formalaşdırır.
Bakıvaxtı.az-ın xəbərinə görə, Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov açıqlamasında bu səfərin region üçün strateji önəm daşıdığını vurğulayıb və bildirib ki, formalaşmaqda olan yeni əməkdaşlıq platforması hər iki dövlət üçün uzunmüddətli qarşılıqlı faydalar vəd edir.
Onun sözlərinə görə, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər strateji müstəviyə qədəm qoyur. Xüsusilə də Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün mühüm perspektivlər yaranıb.
Deputat qeyd edib ki, Vaşinqtonun əvvəlki administrasiya dövründə müəyyən qədər zəifləyən və bəzən gərginləşən münasibətlərin hazırkı mərhələdə strateji xarakter alması üçün artıq kifayət qədər əlverişli imkanlar formalaşıb. Bu xüsusda iqtisadi və ticari əməkdaşlığın artması xüsusi qeyd olunmalıdır.
Parlamentarinin yazdığına görə, rəsmi məlumatlara əsasən, Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2022-ci ildə 570 milyon dollar təşkil edən ticarət dövriyyəsi, 2023-cü ildə 904 milyon dollara, 2024-cü ildə isə 1 milyard 752 milyon dollara yüksəlib. Bu dinamika qarşılıqlı investisiya və kommersiya əlaqələrinin daha da genişlənməsi üçün münbit zəmin yaradır.
Milli Məclisin üzvü onu da əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı səsləndirdiyi fikirləri paylaşması və Prezident Əliyevin bu jestə təşəkkür etməsi münasibətlərin siyasi müstəvidə də yaxınlaşmasına səbəb olub. Bu həm forumun qaldırdığı məsələlərə qlobal diqqət kimi qiymətləndirilir, həm də ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı sayılır:
"Bütün bu kontekstdə, Prezident İlham Əliyevin bu gün – avqustun 6-da Birləşmiş Ştatlara səfəri yalnız Azərbaycan–ABŞ münasibətləri baxımından deyil, həm də bütövlükdə Amerika–Cənubi Qafqaz əlaqələrində yeni səhifənin açılması kimi dəyərləndirilir",- V.Bayramov fikrini yekunlaşdırıb.
Əli Hüseynov