• Bakı 29° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Əliyevin Amerika səfəri: Yeni geosiyasi reallıqların başlanğıcı

SİYASƏT

06 Avqust 2025 | 16:39

Əliyevin Amerika səfəri: Yeni geosiyasi reallıqların başlanğıcı

Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri təkcə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Səfər ABŞ prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır.

Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Səfər, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı, eyni zamanda, proaktiv xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər. Səfərin strateji əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də onun iki əsas istiqamət üzrə formalaşmasıdır. Bir tərəfdən Azərbaycan və ABŞ arasında ikitərəfli siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsi, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi..

Son illərdə Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir. Eyni zamanda, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Xüsusilə Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. Enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirib. Hazırkı səfər də məhz bu yüksələn dinamikanın davamı və yeni strateji mərhələnin əsasını qoya biləcək mühüm siyasi addım kimi qiymətləndirilməlidir. Dövlət başçısının Vaşinqton səfərinin ikinci mühüm istiqaməti Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlıdır. Bu gün Bakı qalib tərəf kimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla, yaranmış reallıqların beynəlxalq miqyasda tanınması və hüquqi çərçivəyə salınması mərhələsinə qədəm qoyub. Donald Tramp İlham Əliyevin liderliyi ilə irəli sürülən konstruktiv təşəbbüslərə dəstək verməklə Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində analoji tarixi rol oynaya bilər. Onun vasitəçiliyi yalnız iki dövlət arasında deyil, bütövlükdə regionda davamlı sabitliyin və əməkdaşlığın bərqərar olmasına xidmət edir. Dövlət başçısı İlham Əliyevlə ABŞ Prezidenti Tramp arasında formalaşmış qarşılıqlı etimad və birbaşa siyasi dialoq bu prosesin uğurla nəticələnməsi üçün mühüm diplomatik zəmin yaradır. Əgər həmin təşəbbüs real razılaşma ilə nəticələnərsə, bu, həm Tramp administrasiyasının, həm də Azərbaycanın siyasi iradəsinin regional münaqişələrin həllində nümunəvi rol oynaya biləcəyini sübut etmiş olacaq.

Deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Bakıvaxtı.az-a deyib ki, ABŞ və Azərbaycan əlaqələri strateji tərəfdaşlıq istiqamətinə doğru irəliləyir.

Mollazadə vurğulayıb ki, Trampdan öncəki Bayden administrasiyası bilavasitə erməni lobbisinin, diasporunun oyunlarını oynayırdı, onların istəkləri ilə hərəkət edirdi:

"Hələ indiyədək Ağ Ev əvvəlki administrasiyanın siyasətindən tam qurtula, obyektiv siyasətini bərpa edə bilmir. Donald Tramp bu istiqamətdə ciddi addımlar atır. Xatırlatmaq istəyirəm ki, ABŞ Azərbaycanla yanaşı, Türkiyəni də ən əsas müttəfiqi, bölgənin ən aparıcı ölkəsi kimi qiymətləndirir. Türkiyə Azərbaycana qardaş ölkə olmaqla bərabər, həm də ən yaxın strateji müttəfiqidir. Yəni Ankara-Vaşinqton əlaqələri də Azərbaycan-ABŞ münasibətlərində çox önəmli rol oynayır. Bir çox istiqamətlərdə ABŞ ilə münasibətlərimiz, yanaşmamız, məsələlərə baxışımız üst-üstə düşür. Görünən odur ki, ABŞ Cənubi Qafqaz bölgəsini Azərbaycanın iştirakı ilə tərəfdaşlıq, əmin-amanlıq və sabitlik regionuna çevirmək istiqamətində öz mühüm dəstəyini verəcək".

Asim Mollazadə: Vaşinqton görüşü ABŞ-nin Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olmasını göstərir

Müsahibimiz qeyd edib ki, ABŞ-nin prosesdə yaxından iştirakı həm də Rusiyanın Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən kənarlaşdırılması deməkdir:

"Rusiyanın hər zaman Ermənistana, yaxud Azərbaycana təzyiq etməklə nəyəsə nail olmaq cəhdləri nəticəsiz qaldı. Artıq xeyli vaxtdır ki, Azərbaycan və Ermənistan tərəfləri sülh danışıqlarını ikitərəfli qaydada aparırlar və müəyyən nəticələr əldə edirlər. ABŞ tərəfi sadəcə növbəti görüş təklif edir və sülh istəyini diqqətə çatdırır”.

A.Mollazadəyə görə, Vaşinqtonda keçiriləcək görüş əslində ABŞ-nin Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olmasını göstərir. Dediyinə görə, Tramp administrasiyası regionda sülh və əmin-amanlığın yaradılmasına dəstək verir:

“Bu, eyni zamanda Azərbaycan və Ermənistana ikitərəfli müzakirələr vasitəsi ilə sülhün önündəki problemlərin həllinə nail olmağa imkan yaradır. Vaşinqtonda keçiriləcək görüş bu istiqamətdə çox mühüm addım ola bilər".

Aydın Baxış


SON XƏBƏRLƏR

06 Avqust 2025