• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Qəzzada sülh uzaq xəyaldır: Münaqişənin davamlı həlli şübhə altındadır

SİYASƏT

05 Sentyabr 2025 | 15:23

Qəzzada sülh uzaq xəyaldır: Münaqişənin davamlı həlli şübhə altındadır

Qəzza bölgəsində İsrail və Fələstin arasında davam edən münaqişə son günlərdə beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib.

ABŞ dövlət katibi Marko Rubio münaqişənin qısa müddətdə həllinin real olmadığını qeyd edib. O bildirib ki, Həmas təşkilatının silahsızlanması və girovların azad edilməsi belə Qəzzadakı döyüşlərin dayandırılmasını təmin etməyə bilər. Rubio eyni zamanda bölgədə yaşayan insanların çəkdiyi əzabdan ciddi narahatlıq ifadə edib və ABŞ-ın münaqişə başa çatanadək, həmçinin sonrasında humanitar yardımlarını davam etdirməyə hazır olduğunu vurğulayıb.

Dövlət katibi əlavə edib ki, Həmas Fələstin konfliktinin başlanğıc səbəbi deyil və təşkilatın fəaliyyətinin dayandırılması münaqişəni tam həll etməyə kifayət etmir. Çünki bölgədə müxtəlif silahlı qruplar mövcuddur və Həmasın silahsızlanması, hətta əsirlərin azad olunması yalnız müvəqqəti sülh yarada bilər. Rubio problemin həqiqi həllinin Fələstin və İsrail tərəflərinin mövqelərinin, məqsədlərinin və şərtlərinin açıq şəkildə ortaya qoyulmasından keçdiyini bildirib.

Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Kazım Kazımov isə qeyd edib ki, bu cəhd müharibənin qısa müddətli dayandırılması üçün variant ola bilər, lakin münaqişəni tamamilə sona çatdıracaq həll yolu deyil:

"Çünki Həmas müharibəni başladan tərəf deyil. Fələstin konflikti 1940-cı illərdə formalaşıb, Həmas isə 1986-cı ildə yaranıb. Yəni problem təkcə Həmas deyil. Konflikt davam etdikcə, sabah Həmas tərksilah olsa da, digər silahlı qruplar meydana çıxacaq".

Kazımov əlavə edib ki, Qəzzada yalnız Həmas fəaliyyət göstərmir:

"Orada müxtəlif silahlı qruplar mövcuddur və onların öz qərargahları var. Sadəcə Həmas bu gün Qəzzada ən əsas qruplaşma hesab olunur. Digər tərəfdən, Həmas silahlarını yerə qoyub bütün əsirləri azad etsə belə, bu uzun bir proses ola bilər. Çünki Həmas bildirir ki, Qəzzadakı xalq İsrailin hərbi kontingentinin bölgəyə yerləşdirilməsini istəmir və döyüşlər buna görə davam edir".

Kazım Kazımov:  Amerikanın münaqişəni qısa yolla dayandırmaq cəhdi bu gün fayda verə bilər, amma davamlı nəticə əldə etməyəcək

O həmçinin vurğulayıb ki, Həmasın iddiasına görə, əsirlərin azad edilməsi halında da İsrail bütün danışıqlar üçün qapıları bağlaya bilər və Qəzzaya yönəlik hücumlar daha da şiddətlənə bilər. Eyni zamanda, İsrailin əlində fələstinli əsirlər mövcuddur və Həmas hesab edir ki, əsirlər yalnız qarşılıqlı dəyişdirilə bilər, təktərəfli azad olunması mümkün deyil.

"Bu səbəbdən hesab edirəm ki, Amerikanın münaqişəni qısa yolla dayandırmaq cəhdi bu gün fayda verə bilər, amma davamlı nəticə əldə etməyəcək. Tarix göstərir ki, Fəth Hərəkatı və digər təşkilatlar Fələstin konflikti davam etdikcə meydana çıxıb və inkişaf ediblər. Əsl məqsəd münaqişəni tamamilə sona çatdırmaqdır, yəni tərəflərin mövqelərinin açıq şəkildə ortaya qoyulmasıdır. Burada Fələstin xalqının nə düşündüyü və nə istədiyi, İsrailin mövqeyi və məqsədləri aydın olmalıdır. Sadəcə bir təşkilatın silahını yerə qoyması ilə münaqişə dayandırıla bilməz", - Kazım Kazımov bildirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR