Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə hazırkı səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Cənubi Qafqaz regionunun gələcək siyasi arxitekturası kontekstində xüsusi əhəmiyyət daşıyır.
Bu səfərin Prezident Donald Trampın rəsmi dəvəti əsasında baş tutduğu nəzərə alınarsa, hadisənin həm siyasi simvolizmi, həm də strateji yükü daha da artır.
Vaşinqtonla Bakı arasında son illərdə formalaşan münasibətlər, xüsusilə enerji, müdafiə və regional təhlükəsizlik sahələrində qarşılıqlı maraqlara əsaslanaraq daha dərin bir əməkdaşlıq modelinə çevrilməkdədir. Tramp administrasiyası dövründə Azərbaycanın regionda sabitləşdirici aktor kimi rolu daha aydın görünməyə başlayıb. Bu çərçivədə Prezident Əliyevin ABŞ-yə səfəri, yalnız bir sıra konkret sahələr üzrə əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi baxımından strateji məqam kimi çıxış edir.
Səfərin mühüm istiqamətlərindən biri də Ermənistanla davam edən sülh gündəliyinin Vaşinqton platformasında müzakirəsidir. Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni bir geosiyasi reallıq formalaşdırıb. Bu reallıqlar sülh müqaviləsinin ədalətli və beynəlxalq hüquqa uyğun əsaslarla imzalanmasını labüd edir. ABŞ-nin vasitəçilik səyləri, əgər balanslı şəkildə davam etdirilərsə, bu prosesə təkan verə və Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına töhfə verə bilər.
Eyni zamanda, rəqəmsal iqtisadiyyat, süni intellekt texnologiyaları və qeyri-neft sektoruna ABŞ sərmayələrinin cəlbi də səfərin iqtisadi gündəminin əsas elementləri sırasındadır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi baxımından bu cür tərəfdaşlıq ölkənin texnoloji və innovasiya potensialının inkişafına mühüm təkan verəcək.
Bütün bu məqamlarla yanaşı, Prezident Əliyevin ABŞ səfəri həm də beynəlxalq informasiya məkanında Azərbaycanın haqlı mövqeyini daha dolğun və təsirli şəkildə izah etmək baxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində anti-Azərbaycan dairələrinin beynəlxalq platformalarda formalaşdırmağa çalışdığı yanlış imicə qarşı bu səfər diplomatik cavab və yeni informasiya qələbəsi kimi də qiymətləndirilə bilər.
Nəticə etibarilə, bu səfər Azərbaycanın qlobal güc mərkəzləri ilə münasibətlərini balanslı və çoxşaxəli əsasda qurmaq istiqamətində ardıcıl siyasətinin davamı, həm də ölkəmizin müstəqil və prinsipial diplomatiyasının növbəti mərhələyə keçidi olacaq. Prezident İlham Əliyevin liderliyi ilə formalaşan bu siyasi xətt təkcə region üçün deyil, həm də beynəlxalq sistemdə davamlı sülh və əməkdaşlıq üçün nümunəvi modelə çevrilməkdədir.
Züriyə Qarayeva