"Dövlətimizin başçısı İlham Əliyevin ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla gözlənilən üçtərəfli görüşü diplomatiyamızın uğurudur".
Bu sözləri avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda gözlənilən görüşünü şərh edən deputat Tahir Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan diplomatiyası çox böyük uğurla nail olub:
"Azərbaycanın beynəlxalq aləmdə tanınması, söz sahibi olması, aparıcı dövlətlərlə münasibətlərin yaxşılaşdırılması və əməkdaşlıqların genişləndirilməsi, eləcə də ölkəmizin haqlı səsinin dünyada tanıdılması bunun bariz nümunəsidir. 44 günlük müharibə, 23 saatlıq antiterror əməliyyatları və sonrakı dövrdə bir çox dünya ölkələrinin Azərbaycanı dəstəkləməsi İlham Əliyev diplomatiyasınn çox böyük nailiyyətidir. Həmin nailiyyət bu gün özünün daha yüksək səviyyəsinə qədəm qoyub”.
Müsahibimiz bildirib ki, ABŞ kimi böyük, aparıcı bir dövlətlə əlaqələrin genişləndirilməsi, Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü bu diplomatiyanın qələbəsi kimi dəyərləndirilməlidir:
“Çünki dünya artıq Azərbaycanı demokratik, sivil və haqq-ədalət uğrunda mübariz bir dövlət kimi tanıyır. Ölkə rəhbərinin siyasəti məhz bəşəri ideyalara söykənir. Bura insan haqqlarının qorunması, beynəlxalq normalara əməl edilməsi, dünyada sülhün və bərabərliyin bərpası daxildir".
Deputat vurğulayıb ki, Azərbaycan tərəfinin Vaşinqton görüşündən gözləntiləri çoxdur.
"İlk növbədə, bu görüş Azərbaycana və onun prezidentinə göstərilən etimadın, verilən dəyərin ifadəsidir. Çünki prezident İlham Əliyev özünün amalları və əməlləri ilə sübut edir ki, dünyada sülh və bərabərlik tərəfdarıdır. Vaşinqtondakı üçtərəfli görüş hər üç dövlətin milli maraqlarına uyğundur. ABŞ Cənubi Qafqazda özünü hiss etdirməkdə və regionda sabitliyin təmin olunmasına töhfə vermək niyyətindədir. Bu isə Azərbaycan üçün çox dəyərlidir”, - müsahibimiz qeyd edib.
Tahir Rzayev: Bu görüş böhran və xaos vəziyyətində olan Ermənistan üçün daha vacibdir
Onun sözlərinə görə, bundan başqa, nəzərdə tutulan görüş Ermənistanla sülh müqaviləsinin bağlanması üçün bir zəmindir. Bu görüş böhran və xaos vəziyyətində olan Ermənistan üçün daha vacibdir:
“Ermənistan artıq Qərbin, Rusiyanın, Avropanın və Fransanın təsiri altında öz siyasətini yeridir. Yəni, Ermənistan müstəqil siyasətdən tamamilə uzaqdır. Vaşinqtondakı görüş Ermənistana əsas verir ki, sülh müqaviləsini imzalasın və Amerikanın dəstəyi ilə müəyyən çətinliklərinin aradan qaldırılmasına nail olsun".
Tahir Rzayev hesab edir ki, prezident İlham Əliyevin hər bir siyasi gedişi dövrün reallıqlarına, zamanın tələblərinə və xalqın milli maraqlarına əsaslanır. Bu kontekstdə nəzərdə tutulan görüş səmərəli olacaq və Azərbaycanın diplomatik uğuru kimi tarixə düşəcək.
Gülşən Şərif