• Bakı 25° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

ABŞ-nin Rusiyanı və Hindistanı itirməsi qlobal güc balansını necə dəyişir?

SİYASƏT

06 Sentyabr 2025 | 09:17

ABŞ-nin Rusiyanı və Hindistanı itirməsi qlobal güc balansını necə dəyişir?

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Rusiya və Hindistanı itirdiyini açıq etiraf etməsi beynəlxalq aləmdə geniş rezonans doğurub. Bu açıqlama həm ABŞ-nin xarici siyasətindəki zəiflikləri, həm də yeni qlobal güc balansının formalaşmasını gündəmə gətirib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayevanın sözlərinə görə,  Trampın etirafı göstərir ki, ABŞ uzunmüddətli tərəfdaşlarla münasibətləri davamlı saxlamaq iqtidarında deyil. Politoloq bildirib ki, son illərdə Vaşinqtonun xarici siyasətində tez-tez kurs dəyişiklikləri, prioritetlərin qeyri-müəyyənliyi müşahidə olunur:

“Bu isə tərəfdaş ölkələrdə ABŞ-yə qarşı etimad böhranı yaradıb. ABŞ indi daha çox taktiki qazanclara fokuslansa da, strateji tərəfdaşlıqları itirmək təhlükəsi ilə üz-üzədir”.

Müsahibimiz hesab edir ki, Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın dərinləşməsi Qərbin təsir imkanlarını ciddi şəkildə azaldır. Enerji, iqtisadiyyat və təhlükəsizlik sahələrində iki ölkənin əməkdaşlığı Avrasiya məkanında yeni güc mərkəzinin formalaşmasına gətirib çıxarır. Bu, həm də ABŞ və Avropa üçün daha sərt rəqabət mühitinin yaranması deməkdir. Beləliklə, beynəlxalq sistemdə çoxqütblülük prosesi daha da sürətlənir.

ABŞ-in Rusiya ilə münasibətlərinin bu nöqtəyə gəlməsinin səbəblərindən danışan Z.Qarayeva bildirib ki, Rusiya ilə münasibətlərin gərginləşməsinin başlıca səbəbi Ukrayna müharibəsi və onun fonunda tətbiq edilən sərt sanksiyalardır. Dediyinə görə, ABŞ və Qərbin Moskvanı təcrid etməyə çalışması əksinə, Rusiyanı yeni tərəfdaşlıqlar qurmağa vadar edib. Bu proses Rusiyanın Çinə daha çox yaxınlaşmasını stimullaşdırıb. Nəticədə, münasibətlərdəki qarşıdurma uzunmüddətli strateji parçalanmaya səbəb olub.

Züriyə Qarayeva, politoloq

“Hindistanın ABŞ-dən uzaqlaşmasının arxasında hansı amillər dayanır” sualəna cavabında isə politoloq qeyd edib ki, Hindistan uzun illər ABŞ ilə əməkdaşlıq etsə də, hər zaman strateji müstəqilliyini qorumağa çalışıb:

“Vaşinqtonun bəzi məsələlərdə sərt yanaşmaları, xüsusilə də Yeni Dehlinin Çin və Rusiya ilə balans siyasətinə dözümsüzlük göstərməsi münasibətlərdə gərginlik yaradıb. Hindistan üçün əsas prioritet öz iqtisadi inkişafını və regional güc statusunu qorumaqdır. Bu səbəbdən ABŞ ilə münasibətləri tamamilə kəsməsə də, alternativ tərəfdaşlıqlara - o cümlədən Rusiya ilə əməkdaşlığa üstünlük verir”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

05 Sentyabr 2025