• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Rusiyanın “Spayka”ya təzyiqi: İrəvana səssiz xəbərdarlıqmı?

SİYASƏT

05 Sentyabr 2025 | 17:03

Rusiyanın “Spayka”ya təzyiqi: İrəvana səssiz xəbərdarlıqmı?

Rusiyada Ermənistanın ən böyük logistika şirkətlərindən biri olan “Spayka”ya məxsus yüzə yaxın yük maşınının saxlanılması diqqət çəkən hadisədir.

Məsələ ilə bağlı rəsmi izahın verilməməsi isə prosesin sırf texniki yox, siyasi çalar daşıya biləcəyi ehtimalını gücləndirir. “Spayka” Ermənistanın əsas ixrac şirkətlərindən biri olmaqla, ölkənin Rusiya bazarına çıxışında strateji rol oynayır. Belə bir şirkətə qarşı atılan addım, əslində, Ermənistanın iqtisadi damarlarından birinə təsir göstərmək anlamına gəlir.

Son dövrlərdə Ermənistanın xarici siyasətində Qərbə meyllənmə, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığın güclənməsi fonunda Moskvanın İrəvana narazılığı açıq hiss olunur. Bu səbəbdən yük maşınlarının kütləvi şəkildə saxlanılması Kreml tərəfindən “səssiz xəbərdarlıq” kimi qiymətləndirilə bilər. Yəni Moskva göstərməyə çalışır ki, Ermənistanın xarici siyasətdə atacağı hər addım onun iqtisadi fəaliyyətinə, xüsusən də logistika sahəsinə birbaşa təsir edə bilər.

Bu vəziyyət həm də Rusiyanın klassik təzyiq alətlərindən biri olan iqtisadi rıçaqlardan istifadəsinin növbəti nümunəsidir. Rəsmi açıqlamanın olmaması isə Moskvanın manevr imkanlarını geniş saxlayır: istəsə texniki əsas gətirə, istəsə də bunu siyasi mesaj kimi şərh etdirə bilər.

Nəticə etibarilə, bu hadisə Ermənistan üçün ciddi xəbərdarlıq siqnalı sayıla bilər - Rusiya iqtisadi təsir mexanizmlərini siyasi məqsədlərə yönəltməkdən çəkinmədiyini bir daha göstərdi.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR