ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Tramp illərdir davam edən münaqişədə vasitəçi missiyasını yerinə yetirməyə çalışır. İki yüksək rütbəli Ağ Ev rəsmisi Trampın liderlərlə görüşünü təsdiqləyərək, baş tutacaq görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin elan oluna biləcəyini açıqlayıblar.
"Middle East Eye" nəşrinin iddiasına görə isə Vaşinqtonda keçiriləcək görüşdə sülh sazişi deyil, "niyyət məktubu" imzalanacaq. Bu sənəd formal olaraq yekun sülh sazişi olmayacaq, lakin tərəflərin danışıqları irəli aparmaq istəklərini rəsmi şəkildə ifadə edəcək.
Vaşinqton görüşündən gözləntilər nədir? Bu ilin sonuna kimi sülh sazişi imzalana bilərmi?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, artıq iki gündür Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində ABŞ prezidenti Donald Trampın səylərinin ortaya qoyulması mqəsədilə görüşün baş tutacağı diqqətə çatdırılır:
"Paşinyanın artıq ABŞ-yə səfər etməsi ilə bağlı məlumat yayılıb. Paşinyan 7-8 avqust tarixində ABŞ-də səfərdə olacaq. Hələ ki, Azərbaycan tərəfinin görüşlə bağlı rəsmi mövqeyi açıqlanmayıb”.
Müsahibimiz qeyd edib ki, bütün hallarda Azərbaycan tərəfi obyektiv, ədalətli və qərəzsiz danışıqlar platformalarına hər zaman açıq olub. Azərbaycan münaqişə dövründə və bitəndən sonra da münaqişəyə aid problemlərin sülh yolu ilə yekunlaşması üçün bütün platformalarda iştirak edib:
“İkinci Qarabağ Müharibəsindən artıq 5 il keçib və bu müddət ərzində daha çox Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində sülh istiqamətində kifayət qədər ciddi addımlar atılıb. Prezident İlham Əliyev dəfələrlə Nikol Paşinyanla görüşlər keçirib. Bu ilin mart ayında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən sülh sazişinin mətninin tam şəkildə razılaşdırılması ilə bağlı məlumat açıqlandı. Ermənistan tərəfi də bunu təsdiqlədi. Sülh sazişinin mətninin razılaşdırıldığı indiki məqamda sülh prosesinə uyğun şəkildə sazişin paraflanması həyata keçirilə bilər. Bu paraflanma bir növ niyyət xarakterli sənəddir".
Xəyal Bəşirov: Əgər Vaşinqtonda görüş baş tutarsa, tarixi proses olacaq
Politoloq xatırladıb ki, ölkəmiz işğal altında olan torpaqlarını öz gücünə azad etdiyi İkinci Qarabağ Müharibəsi məhz Donald Trampın əvvəlki prezidentlik dövründə baş tutmuşdu. Həmin dövrdə Trampın və onun komandasının Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə qarşı hər hansısa əks fikrin şahidi olmamışdıq:
"Baxmayaraq ki, bir sıra dövlətlər qərəzli mövqe ortaya qoymuşdular. Tramp isə prosesə loyal münasibət sərgiləmişdi. Trampın ikinci prezidentlik dönəmində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə bu cür həssas yanaşması və əldə olunan razılaşmaları dəstəkləməsi onun mövqeyini açıq şəkildə göstərir”.
X.Bəşirov hesab edir ki, əgər Vaşinqtonda görüş baş tutarsa, tarixi proses olacaq. Onun sözlərinə görə, bu, ABŞ-nin Cənubi Qafqazda artıq Azərbaycanın formalaşdırdığı reallıqları dəstəklədiyini və müharibənin yenidən alovlanmaması üçün əlindən gələni etdiyini göstərəcək:
“Həmçinin bu yanaşma digər dövlətlər üçün də bir nümunə ola bilər".
Gülşən Şərif