"Instagram" istifadəçilərin dostları ilə daha interaktiv və əlaqəli şəkildə ünsiyyət qurmasını təşviq etmək məqsədilə üç yeni funksiyanı istifadəyə verib.
Bakıvaxtı.az xəbər verir ki, "Meta" şirkətinin açıqlamasına görə, bu funksiyalar – yazı və videoçarxların yenidən paylaşımı, məkan xəritəsi və “Dostlar” nişanıdır.
Yeni paylaşım funksiyası vasitəsilə istifadəçilər başqalarının ictimai yazı və "Reels" videolarını öz profillərində yenidən paylaşa bilirlər. Yenidən paylaşılan məzmun həm istifadəçinin profilində ayrıca bölmədə saxlanılacaq, həm də izləyicilərin lentində tövsiyə kimi görünəcək.
Digər yenilik olan məkan xəritəsi funksiyası istifadəçilərə son aktiv olduqları yerləri dostları ilə bölüşməyə imkan verir. Bu funksiya tamamilə könüllüdür və istənilən vaxt deaktiv edilə bilər.
Bundan əlavə, Reels bölməsinə əlavə edilən “Dostlar” nişanı sayəsində istifadəçilər artıq dostlarının qarşılıqlı əlaqədə olduqları ictimai "Reels" videolarını daha asanlıqla görə biləcəklər.
Əli Hüseynov