• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin bərpasını müzakirə edəcəklər

DÜNYA

12 Fevral 2026 | 20:40

Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin bərpasını müzakirə edəcəklər

Moskva və İrəvan Ermənistanın Azərbaycan və Türkiyənin dəmir yolu xətləri ilə birləşdirilməsini təmin edəcək iki dəmir yolu sahəsinin bərpası ilə bağlı konkret danışıqlara başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, qərar Ermənistan tərəfinin müraciəti əsasında qəbul olunub. Söhbət Ermənistanın dəmir yolu şəbəkəsini Yerasx kəndi yaxınlığında Azərbaycanın dəmir yolları, həmçinin Axuryan yaşayış məntəqəsi yaxınlığında Türkiyənin dəmir yolları ilə birləşdirəcək sahələrdən gedir.

A.Overçuk qeyd edib ki, bərpa olunacaq sahələrin ümumi uzunluğu təxminən 1,6 kilometr və 12,4 kilometr təşkil edir. Danışıqlar zamanı layihənin həyata keçirilməsinin texniki, maliyyə və digər şərtlərinin müəyyən edilməsi planlaşdırılır. O vurğulayıb ki, həmin sahələrin bərpası Rusiyaya Naxçıvan, Türkiyə vasitəsilə Aralıq dənizi limanlarına, həmçinin İran vasitəsilə Körfəz və Hind okeanı limanlarına birbaşa dəmir yolu çıxışı imkanı verəcək.

Baş nazirin müavini bildirib ki, Rusiya Cənubi Qafqaz regionunda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması istiqamətində ardıcıl işi davam etdirir. Xüsusilə, dağılmış nəqliyyat xətlərinin bərpası üzrə tədbirlər görülür.

“Qafqazda nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə və Rusiya xalqları üçün sülh, sabitlik və iqtisadi rifah baxımından kritik əhəmiyyət daşıyır. Bu mühüm vəzifənin həllində region ölkələrinin hamısının konstruktiv əməkdaşlığına ümid edirik”, - deyə o söyləyib.

Baş nazirin müavini, həmçinin xatırladıb ki, 1991-ci ildən bəri ilk dəfə olaraq ötən il Azərbaycan və Gürcüstan əraziləri vasitəsilə Rusiya ilə Ermənistan arasında dəmir yolu hərəkəti bərpa olunub. Birbaşa əlaqənin açılması Rusiya mallarının xarici bazarlara çıxışı üçün daha rəqabətli şərait yaradıb və qarşılıqlı ticarətin genişlənməsinə töhfə verir.


SON XƏBƏRLƏR