Bu ilin yanvar-iyun aylarında Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişindaşımasından əldə etdiyi gəlir 1 978 050.3 min manat səviyyəsində olub, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi (2 187 609.8 min manat) ilə müqayisədə 9.6% azdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, cari ilin birinci rübündə hava nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 1 108 646 manat təşkil edib ki, bu da illik müqayisədə 13.9% azdır.
Qeyd olunan gəlirlərin əsas həcmi (1 108 113.6 min manatı) beynəlxalq yükdaşımalarının, qalan hissəsi (532.4 min manatı) isə ölkədaxili yükdaşımalarının payına düşüb. Bu göstəricilər illik müqayisədə müvafiq olaraq 13.9% və 23.4% azalıb.
Hesabat dövründə hava nəqliyyatı ilə sərnişindaşımalarından əldə olunan gəlir 869 404.3 manat təşkil edib ki, bu da illik ifadədə 3.4% azdır. Gəlirlərin əsas payı beynəlxalq sərnişindaşımalarının payına - 831 301.1 manat (4.6% azalma), ölkədaxili daşımaların payına isə 38 103.3 manat (34.5% artım) düşüb.
Qeyd etmək lazımdır ki, cari ilin birini yarısında hava nəqliyyatı ilə yükdaşımalarının həcmi 187.6 min ton (10.5% azalma), sərnişindaşımalarının həcmi isə 1 861.1 min nəfər (2.6% artım) təşkil edib.