Pandemiya bütün sahələrə ziyan vurduğu kimi turizm sahəsinə də mənfi təsirini göstərib. Ancaq artıq pandemiya bitir, turizm sahəsi dirçəlir. Yay fəsli olduğu üçün insanlar səyahət planları qurur, ancaq çoxunun da planı suya düşür. Çünki qiymətlər hədsiz dərəcədə baha olduğundan, səyahət əlçatmaz görünür.
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Bakıvaxtı.az-a bildirib ki, qiymətlər bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq tənzimlənir: “Yəni bu, biznes yanaşmasıdır. Hansısa regionda qiymət qalxır, hansındasa düşür, turizm şirkətləri və yaxud yerləşdirmə obyektləri qiymətləri qaldırır, digərləri salırlar. Yay mövsümündə qiymətlər fərqlənir, istirahət günlərində xidmətlərin qiyməti dəyişir və s. Dövlət, əlbəttə ki, bu məsələ ilə bağlı biznesin işinə, bazar qanunlarına müdaxilə etmir”.
Onun sözlərinə görə, əsas yanaşma təklifin sayını çoxaltmaqdır. K.Quluzadə deyir ki, tələbat artdıqca qiymətlər qalxır, bu, bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq normaldır: “Təklifin həcmi çoxaldıqca, əlbəttə ki, qiymətlər də fərqlənir, düşür, rəqabət artır və sair”.
K.Quluzadə qeyd edib ki, təklifin artırılması, əsasən, yerləşdirmə obyektlərinə aid olan bir məsələdir: “Regionlarda otellərin tikilməsinə müəyyən güzəştlər var. Güzəştlər edilir ki, təklifin həcmi çoxalsın. Turizm sahəsi pandemiyadan sonra yeni-yeni bərpa olunmağa başlayır. Pandemiya turizm sahəsinə ciddi ziyan vurub. Bu, tək Azərbaycanda deyil, həm də qlobal masştabda olan bir məsələdir”.
Onun sözlərinə görə, bu ilin göstəriciləri deməyə imkan verir ki, turizm artıq bərpa olunur: “5 aylıq statistikaya baxsaq, Azərbaycana gələn xarici vətəndaşların sayında 118% artım var, bu, ilk dəfədən çox deməkdir. Biz düşünürük ki, yay aylarında bu göstəricilər daha da artacaq. Yerli əhalimiz daxili turizmə maraq göstərir, xüsusən istirahət günlərində səfərlər təşkil edilir. Əlbəttə ki, rəqabət artdıqca, təklifin sayı çoxaldıqca qiymətlərdə də müəyyən dəyişiklikləri izləyə biləcəyik”.
Müsahibimiz hesab edir ki, turizm sektorunda qiymətlərin hədsiz qalxmasını demək, düzgün yanaşma deyil. K.Quluzadəyə görə, Azərbaycanda müxtəlif büdcəli turizm şirkətləri var və hər bir ailə fərd büdcəsinə uyğun olaraq səfərini təşkil edə bilər.
Aytac Aslan