İsti yay aylarında insanlar yeməkdən daha çox meyvə-tərəvəzə üstünlük verir. Yay meyvələri vitaminlə bol olduğu üçün də hər birimiz immunitet sistemimizi gücləndirmək üçün qida rasionumuza daha çox meyvə əlavə edirik.
Ancaq son illər hamı meyvələrdən meyvə dadı gəlmədiyindən şikayətlənir. Sanki meyvələr meyvə dadlığını itirib.
Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli Bakıvaxtı.az-a bildirib ki, yeni meyvə sortlarının, çeşidlərinin çox olması üçün kənd təsərrüfatı daim inkişaf etdirilir: “Bu da, təbii ki, öz növbəsində fərqli damaq dadı olan məhsulların bazara gəlməsinə səbəb olur. Hazırda bazar tələbi daha çox meyvə ağaclarının becərilməsinə yönəlib. Həmin ağaclar yeni calaq yöntəmi ilə əldə olunur. Dolayısı ilə həmin məhsulların dadının dəyişilməsinə bu faktorların təsiri ola bilər”.
Ekspert deyir ki, əsas odur ki, geni dəyişdirilmiş meyvə və tərəvəzlərin istehsalı olmasın: “Onsuz GMO-ların bazara çıxışı qadağandır. Yerdə qalanlar isə bazarın doğrultusunda yeni çeşidlərin artırılması yönündə fərqli görüntüyə və dada məxsus olan məhsullar bazara çıxır və çıxacaq. Cəmiyyət üçün də bu dad məsələsinin elə də problem olmadığı qənaətindəyəm”.
Qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a bildirib ki, əvvəllər bizim öz yerli meyvə sortlarımız var idi, bu sortlar getdikcə yoxa çıxır: “İndi bunların yerini xarici sortlar, ordan-burdan gətirilmiş toxumlar alır. Ona görə də, bu gün əkilən sortların nə dadı, nə də tamı var. Çünki bunlar hibritdir və bir dəfə məhsul verdikdən sonra daha məhsul vermir. Eyni zamanda, dərmanlamaya məruz qaldığı üçün vaxtından tez yetişir, bu zaman meyvədə nə dad, nə də tam qalır”.
Ekspert qeyd edib ki, bu gün Tərəvəzçilik Elmi Tədqiqat İnistitutunun apardığı böyük bir təşəbbüs var: “Ənənəvi toxumlara sahib çıxaraq yerli toxumları əkib çoxaldırlar. Bu, çox gözəl bir addımdır. Mən düşünürəm ki, kimin əlində yerli toxum varsa, bu yolda səfərbər olub yerli toxumları qorumaq üçün aparıb həmin inistituta verməlidir ki, alimlər o sortları çoxaltsın. Yoxsa biz bu hibrit, geni dəyişdirilmiş toxumlarla qabağa gedə bilmərik, çünki bunların qida dəyəri sıfırdır. Elə təsəvvür edin ki, boş karbohidrat yeyirik”.
Aytac Aslan
















