Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 56 milyard 549,7 milyon manat təşkil edib.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 15,1 % çoxdur.
Bankların aktivlərinin 26 milyard 702,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 12,6 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 48,3 %-dən 47,2 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 16,05 % artaraq 49 milyard 690,3 milyon manata, o cümlədən depozit portfeli 9,6 % artaraq 38 milyard 179,3 milyon manata çatıb. Bunun 14 milyard 734,2 milyon manatı fiziki, 23 milyard 445,1 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10 %, şirkətlərin banklardakı vəsaitləri isə 9,4 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 94,2 dəfə azalaraq 0,5 milyon manat olub.
Sektorun balans kapitalı isə 8,4 % artaraq 6 milyard 859,5 milyon manat təşkil edib.