"Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığı olmasaydı, bəlkə də indiki kimi enerji siyasətimizin şaxələndirilməsi baş verməzdi".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan enerji siyasətinin Türkiyə vasitəsi ilə Suriyaya, gələcəkdə İordaniya və Misirə qədər genişlənməsinin şahidi ola bilərik:
"Əslində, Cənub Qaz Dəhlizinin çəkilişi zamanı spektrlər, ekoloqlar var idi ki, bu məsələni qərəzli şəkildə başqa formada şərh edirdilər. Sonradan məlum oldu ki, bu prosesin arxasında hansı güclər, hansı geosiyasi mərkəzlər dayanır. Niyə bu ekologiyanı qoruyan qeyri-hökumət təşkilatları ortaya düşüblər və məqsədləri nədir, bunlar bəlli oldu. Bütün bu maneələri Azərbaycan aşdı”.
İlyas Hüseynov, politoloq
Müsahibimizə görə, Cənub Qaz Dəhlizinin müştəriləri artmaqdadır. İ.Hüseynov bildirib ki, 12 ölkəyə Azərbaycan qazı çatdırılırdı. Bu da Azərbaycanın beynəlxalq uğurlarını gücləndirir, ölkəmiz ətrafında mühüm bir mövqenin formalaşmasına xidmət göstərir.
“Hesab edirəm ki, Azərbaycanın Yaxın Şərq siyasətində aktiv rola malik olması Türkiyə ilə sinxron şəkildə icra olunur. Azərbaycanın Suriyadakı yeni rejimə dəstək ifadəsi, humanitar yardımlar verməsi ölkəmizin bu siyasətdə fəal rol oynayacağına işarət edirdi. Sonrasında baş verənlər də bunu isbatladı. Suriya prezidentinin Azərbaycana səfəri çərçivəsində də ölkəmizin Suriyanın yenidən qurulmasında, bərpasında rolu hərtərəfli müzakirə olundu", - deyə İlyas Hüseynov əlavə edib.
Aydın Baxış