Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər dövlətlərin xarici siyasətində yeni prioritetlərin formalaşmasına səbəb olur. Xüsusilə enerji təhlükəsizliyi və regional sabitlik məsələləri bu gün qlobal gündəliyin əsas mövzularından biridir.
Belə bir şəraitdə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı və bu əməkdaşlığın strateji məzmun qazanması xüsusi diqqət çəkir. Bu proses isə prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və balanslı xarici siyasətin mühüm nəticələrindən biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında politoloq Aydın Tağıyev bildirib ki, prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində Azərbaycan-Avropa İttifaqı ilə münasibətlərində enerji və təhlükəsizlik sahələrində strateji yaxınlaşmanı görürük:
“Bu, Azərbaycanın xarici siyasətində bir neçə mühüm istiqamətdə təsir göstərə bilər: Məsələn, enerji diplomatiyası yüksək səviyyədə aparılır. Nəticədə Bakı Avropanın enerji təhlükəsizliyində daha mərkəzi rol oynayır. Bu, Azərbaycanın qaz və alternativ enerji ixracını siyasi dialoqun güclü alətinə çevirir”.
Müsahibimiz qeyd edib kii, “çoxvektorlu” siyasətin nəticəsində Aİ ilə əməkdaşlıq Rusiyanın təsirini balanslaşdırır, Türkiyə ilə strateji tərəfdaşlığı isə tamamlayır. Nəticədə də ölkəmizin “çoxvektorlu” xarici siyasət kursunu möhkəmləndirir.

Aydın Tağıyev: Azərbaycanın Aİ ilə əməkdaşlığı Rusiyanın təsirini balanslaşdırır
Politoloq əlavə edib ki, atılan addımlar regional sabitlik, təhlükəsizlik sahəsində Aİ ilə koordinasiya Azərbaycanın Cənubi Qafqazda sülh təşəbbüslərinə beynəlxalq legitimlik qazandırır:
“Digər aspektdən yanaşdıqda geosiyasi statusunu qoruyan dövlətimiz Avropa üçün sabitlik və tranzit mərkəzi kimi mövqeyini gücləndirir, Qara Dəniz-Cənubi Qafqaz-Mərkəzi Asiya üçbucağında strateji ciddi oyunçuya çevrilir. Azərbaycanın xarici siyasəti daha çox “enerji və təhlükəsizlik diplomatiyası” üzərində qurulub. Nəticə etibarilə, ölkənin Avropa üçün strateji tərəfdaş, region üçün isə sabitlik təşviqatçısı kimi möhkəmlənəcəyi qaçılmazdır”.
Aynur Babazadə
Bakı 




