• Bakı 20° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Azərbaycanın mesajı: Tərəf tutmuruq, amma öz soydaşlarımızı qoruyuruq

SİYASƏT

17 Iyun 2025 | 16:19

Azərbaycanın mesajı: Tərəf tutmuruq, amma öz soydaşlarımızı qoruyuruq

İsrail və İran arasında genişmiqyaslı hərbi qarşıdurmanın başladığı bir vaxtda, Azərbaycan hökuməti rəsmi və qeyri-rəsmi kanallarla İsrailə mühüm xəbərdarlıq ünvanlayıb.

Məlumata görə, Bakı tərəfi İranın azərbaycanlı əhalisinin yaşadığı bölgələrin (xüsusilə Təbriz, Ərdəbil, Zəncan və Urmiyə kimi şəhərlərin) hədəfə çevrilməməsi və mülki infrastrukturun qorunması ilə bağlı konkret mesajlar ötürüb.

Bu addım Azərbaycan diplomatiyasının həm regional sabitlik, həm də etnik və tarixi məsuliyyət prinsipinə əsaslanan balanslı yanaşmasının göstəricisidir.

İyunun 13-dən etibarən İsrailin İranın bir neçə hərbi və strateji obyektinə raket zərbələri endirməsi, qarşı tərəfin də cavab atəşi ilə reaksiya verməsi regionu açıq müharibə vəziyyətinə gətirib. Ölən və yaralananlar arasında mülki şəxslərin olması bu savaşın təkcə hərbi strukturlarla məhdudlaşmadığını, əhalinin də birbaşa hədəf halına gəldiyini göstərir.

Güney Azərbaycanın sıx məskunlaşmış şəhərlərində yaşayış binaları, məktəblər, xəstəxanalar və tarixi abidələr çoxdur. Hərbi əməliyyatların bu ərazilərə yayılması humanitar fəlakət və siyasi nəticələr doğura bilər.

Azərbaycan hökumətinin İsrailə göndərdiyi mesaj, Təl-Əvivə qarşı yönəlmiş deyil, əksinə, önləyici və diplomatik xəbərdarlıq xarakteri daşıyır. Burada üç əsas məqsəd var:

1 Etnik soydaşların təhlükəsizliyini təmin etmək;

2. Azərbaycanın regionda neytral və sabitlik yönümlü aktor olduğunu göstərmək;

3. Güney Azərbaycan məsələsinin beynəlxalq kontekstdə diqqətə gətirilməsi.

Bu addım göstərir ki, Azərbaycan nə İran rejimini dəstəkləyir, nə də İsrailin regionda sonsuz hərbi üstünlüyünü. Bakı üçün əsas məsələ azərbaycanlıların zərər görməməsi və Cənubi Azərbaycan məsələsinin hüquqi-siyasi çərçivədə həll olunmasıdır.

İsrail beynəlxalq hüquqa görə, yalnız hərbi obyektlərə qarşı “dəqiq zərbələr” endirməklə mülki əhalini qorumaq öhdəliyinə malikdir. Əgər Güney Azərbaycan ərazilərində mülki itkilər baş verərsə, bu, yalnız humanitar böhran deyil, həm də beynəlxalq qanunların pozulması kimi qiymətləndirilə bilər.

Azərbaycanın bu məsələdə öncədən xəbərdarlıq etməsi, həm də gələcəkdə baş verə biləcək mülki itkilərdən sonra haqq səslə beynəlxalq tribunalara müraciət etməsinə zəmin yaradır.

İsrail-İran qarşıdurması zamanı Azərbaycan hökumətinin səssiz qalmaması, bölgədəki strateji maraqlarına nəzarət etməsinin, Güney Azərbaycan xalqının təhlükəsizliyini dövlət siyasəti səviyyəsində gündəmdə saxlamasının sübutudur.

Bu mesaj həm də gələcək regional geosiyasi yenidənqurma prosesində Azərbaycanın söz sahibinə çevrilməsi üçün mühüm siyasi baza yaradır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR