Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında Kilsə barədə danışıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Paşinyan bəyan edib ki, Ermənistanı Serj Sarkisyandan azad etdiyi kimi, kilsəni də azad edəcək:
"Eçmiədzinin (II Qaregin) ana taxtı antixristian, azğın, antimilli və dövlət əleyhinə qrup tərəfindən ələ keçirilib. Bu mübarizəyə şəxsən rəhbərlik edəcəyəm".
Baş nazir bildirib ki, o, Erməni Apostol Kilsəsinin azad edilməsinə şəxsən rəhbərlik etmək niyyətindədir:
"Bu dövrdəki bütün mübahisələrdən başqa, ən vacibi də üzə çıxdı: Ktriç Nersisyan (katolikosun dünyəvi adı), Vazgen Qalstyan, Gevorq Acapaxyan və başqaları arasında İsa Məsih və onun təlimləri ilə heç bir əlaqəsinin olmaması".
Ermənistanın baş nazirinin ofisinin rəhbəri Araik Arutyunyan Feysbuk səhifəsində din xadiminin çıxış videosundan bir parça paylaşıb. Vurğulayıb ki, erməni Apostol Kilsəsi İŞİD-in qoluna çevrilib:
"Baş kəsilir, baş isə Ermənistanın seçilmiş baş nazirinindir. Keşiş deyir ki, Paşinyanın başını kəsmək lazımdır. İndi fikirləşin, keşiş Vazgen Qalstanyan onunla müqayisədə "ağbənizdir". Nikol Paşinyanın Kilsə ilə münasibəti bu cür kəskinləşməsi, keşişlərə birbaşa savaş açması baş nazirin özünü, hakimiyyətini qoruma instinktindən irəli gəlir”.
Bunu siyasi şərhçi Samir Hümbətov Bakıvaxtı.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın "Ermənistanı Serj Sarkisyandan azad etdiyiniz kimi, kilsəni də azad edəcəyik” fikrinə münasibət bildirərkən deyib.
Politoloqun dediyinə görə, Paşinyan başa düşür ki, Kilsə nəinki onun hakimiyyəti üçün, hətta birbaşa həyatı üçün riskli, təhlükəlidir:
"Kilsə Paşinyanı fiziki olaraq aradan götürə bilər. Baş nazirə qarşı sui-qəsd cəhdləri də mümkündür. Məhz ona görə Kilsə və keşişlər Paşinyanı açıq şəkildə həyatı ilə təhdid edir, İŞİD kimi "başının kəsilməsindən" danışır. Bu, Kilsənin hökumət başçısına açıq-aşkar eyhamıdır. O səbəbdən Paşinyanın təhlükəli gördüyü erməni Apostol Kilsəsini əvvəlcədən aradan götürməyə çalışması, zərərsizləşdirmə təşəbbüsləri başadüşüləndir. Paşinyan gec qalaraq məğlub olan, əzilən tərəf olmaq istəmir”.
Samir Hümbətov, politoloq
Həmsöhbətimiz vurğulayıb ki, Paşinyanın əlində imkanlar daha çoxdur:
“Baş nazir əslində Kilsənin başında duran II Qaregini özünə yaxın fiqurla əvəzləmək düşüncəsindədir. Paşinyan 2021-ci ildə ordunun Baş Qərargah rəisini dəyişdirməklə bənzər addım atıb. Böyük ehtimal, Paşinyan Kilsə ilə mübarizədən qalib çıxacaq və uğur qazanacaq".
Aydın Baxış