İrəvan və Bakı sülh sazişinin imzalanmasından əvvəl onu paraflaya bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, belə bir fikir var: "Bu məsələ müzakirə masasında var".
Nikol Paşinyan iyulun 10-da Prezident İlham Əliyevlə Əbu-Dabidə aparılan danışıqlardan məmnunluğunu ifadə edib. Ermənistan lideri Əbu-Dabidəki görüşün müsbət nəticələrə gətirib çıxara biləcəyini bildirib. O, indi bu barədə danışmağın düzgün olmadığını, müsbət nəticələr olarsa, hamının bunu görəcəyini vurğulayıb və əlavə edib ki, tərəflərin müsbət yanaşdığı bir neçə fikir var:
"Ümid edirəm ki, bu formatda danışıqlarımızı Əbu-Dabidə və ya başqa bir yerdə davam etdirəcəyik".
Politoloq Fuad Abbasov Bakıvaxtı.az-a deyib ki, Paşinyan növbəti dəfə erməni hiyləgərliyi işlədir.
Ekspert vurğulayıb ki, Ermənistan baş naziri çox gözəl başa düşür ki, müqavilənin imzalamazdan əvvəl paraflanmasının Azərbaycanda heç bir hüquqi qüvvəsi olmayacaq:
"Paşinyan bilməlidir ki, sülh sazişinə imza atmazdan öncə ortada olan sənədin paraflanması Bakını nəyəsə məcbur etmək gücündə olmayacaq. Ermənistanın Baş naziri dünya ictimaiyyətinə, Qərbə mesaj göndərir ki, Azərbaycanın təkliflərini paraflamağa hazırdır. Yəni göstərir ki, sənədə imza atılmazdan qabaq Ermənistan tərəfi bunu paraflayacaq təsdiqləyəcək”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan öz əsas şərtlərini - başda Konstitusiya dəyişikliyi olmaqla İrəvan hökumətinə bəyan edib. Onun sözlərinə görə, Bakı bu şərtlərin qeyd-şərtsiz qəbul olunmasını istəyir:
“Ermənistan tərəfi sülh sənədini və Bakının şərtlərini öz parlamentində təsdiq edə bilər. Azərbaycan üçün bu məsələnin önəmi yoxdur. Bizim üçün əsas məsələ sülh müqaviləsinin imzalanması və Bakının iki mühüm şərtinin yerinə yetirilməsidir".
Analitik qeyd edib ki, Ermənisanın daxildə ikiyə parçalandığını, ictimaiyyət arasındakı ziddiyyətləri nəzərə almaq lazımdır:
"Ermənistanda Köçəryan-Sərkisyan tərəfdarlarının, rusyönlü qüvvələrin heç də az olmadığı bəllidir. Hətta "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın həbsindən sonra Rusiya daha da qıcıqlanıb. Həm parlamentdə, həm də Kilsə və "Qarabağ klanı"nın təhriki ilə cəmiyyətdə sülh sazişinin imzalanmasına, paraflanmasına qarşı çıxanlar kifayət qədərdir. Yəni Paşinyanın "sənədin paraflanması" təklifi o mənaya gəlmir ki, erməni ictimaiyyəti və parlament bu təklifi birmənalı "hə" deyəcək. Əminəm ki, Bakı bunu qəbul etsə də, Ermənistan özü reallaşdıra bilməyəcək".
Aydın Baxış