Son onilliklərdə qlobal miqyasda geosiyasi və geoiqtisadi maraqların toqquşma meydanına çevrilən Avrasiya məkanı müxtəlif beynəlxalq təşəbbüslərin mərkəzində dayanır.
Bu baxımdan, 2001-ci ildə yaradılan və ilk mərhələdə regional təhlükəsizlik, qarşılıqlı etimad, iqtisadi-ticari əməkdaşlıq hədəflərini özündə birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xüsusi önəm kəsb edir. Təşkilat zaman keçdikcə yalnız Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün siyasi müstəvisində deyil, həm də iştirakçı ölkələr üçün etibarlı əməkdaşlıq platforması kimi dəyərləndiriib.
Azərbaycanın geostrateji mövqeyi, enerji və nəqliyyat layihələrində oynadığı açar rol isə ölkəmizin ŞƏT-lə əlaqələrini aktuallaşdırmış, rəsmi Bakının bu qurumla əməkdaşlığını yeni perspektivlər üçün açıq edib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Yeganə Hacıyeva bildirib ki, ŞƏT iştirakçı ölkələr arasında etimadı möhkəmləndirmək, mehriban qonşuluğu inkişaf etdirmək və siyasi-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədini daşıyırdı. Onun sözlərinə görə, təşkilat eyni zamanda terrorizm, separatizm və narkotik ticarəti kimi təhdidlərə qarşı birgə mübarizəni də prioritetlər sırasına daxil edib:
“ŞƏT yalnız iqtisadi platforma deyil, həm də regional təhlükəsizlik mexanizmi rolunu oynayır. Burada əsas istiqamətlərdən biri kiberçağırışlara qarşı tədbirlər, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq və nəqliyyat-logistika infrastrukturunun inkişafıdır. Bu kimi təşəbbüslər iştirakçı ölkələr arasında sülhün möhkəmləndirilməsinə xidmət edir və qarşılıqlı maraqları qoruyur".
Yeganə Hacıyeva: Azərbaycan ŞƏT-in iclas və forumlarında fəal iştirak edir, qərarların müzakirəsinə töhfə verir
Azərbaycanın təşkilata münasibətinə toxunan Yeganə Hacıyeva vurğulayıb ki, Qara dəniz və Xəzər arasında yerləşən, enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynayan Azərbaycan ŞƏT-in diqqətini çoxdan cəlb edib. Hazırda ölkəmiz “dialoq tərəfdaşı” statusu ilə təmsil olunur. Politoloqun sözlərinə görə, bu format mövcud əlaqələrin genişləndirilməsinə və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə əlavə imkan yaradır:
“Azərbaycan ŞƏT-in iclas və forumlarında fəal iştirak edir, qərarların müzakirəsinə töhfə verir və humanitar sahədə də əməkdaşlıq layihələrində yer alır. Bununla yanaşı, ölkəmiz təhlükəsizlik sahəsində təşkilatın təşəbbüslərində aktiv rol oynayır".
Yeganə Hacıyeva həmçinin əlavə edib ki, Çin və digər üzv dövlətlər Azərbaycanın ən azı müşahidəçi, hətta gələcəkdə tamhüquqlu üzv kimi təmsil olunması ideyasını dəstəkləyirlər. Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi və Cənub-Şimal, Qərb-Şərq dəhlizlərinin kəsişməsində yerləşməsi bu marağı artırır. Bu baxımdan, ölkəmizin ŞƏT-də iştirakı həm təşkilat, həm də region üçün strateji əhəmiyyət kəsb edir.
Sonda politoloq vurğulayıb ki, Azərbaycanın təşkilatda müşahidəçi və ya tamhüquqlu üzv statusu əldə etməsi daha çox Çinin maraqlarına cavab verir. Lakin eyni zamanda bu tərəfdaşlıq Azərbaycanın da maraqlarına uyğundur. Onun sözlərinə görə, belə əməkdaşlıq ölkəmizə Mərkəzi Asiya bazarlarına çıxış imkanı verir, enerji və qeyri-neft sektorunda yeni layihələrə zəmin yaradır.
Əli Hüseynov