• Bakı 16° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Zəngəzur məsələsi: Paşinyanın ritorikası və regionun yeni reallıqları

SİYASƏT

02 Oktyabr 2025 | 10:18

Zəngəzur məsələsi: Paşinyanın ritorikası və regionun yeni reallıqları

AŞPA sessiyasında Ermənistan Baş naziri Nikol Paşinyan bir daha Zəngəzur mövzusuna toxunaraq “dəhliz terminologiyası”na qarşı etirazını səsləndirdi. Bu, onun ardıcıl şəkildə beynəlxalq platformalarda bu məsələyə münasibət bildirməsinin növbəti nümunəsi idi.

Paşinyan əvvəl Vaşinqton razılaşmasından sonra ŞƏT+ formatlı görüşdə, daha sonra isə BMT Baş Assambleyasında eyni mövzuda bəyanatlar vermişdi. İndi isə Strasburqda səsləndirdiyi fikirlər göstərir ki, Ermənistan rəhbərliyi Zəngəzur məsələsini davamlı olaraq gündəmdə saxlamaq niyyətindədir.

Ekspertlərin fikrincə, Paşinyanın bu ritorikası iki istiqamətə xidmət edir: bir tərəfdən daxili auditoriyaya “suverenliyi güzəştə getmədik” mesajı çatdırmaq, digər tərəfdən isə beynəlxalq müzakirələrdə terminologiyanın leqallaşmasının qarşısını almaq. Ermənistan rəhbərliyi anlayır ki, Azərbaycan tərəfinin israrlı mövqeyi nəticəsində “Zəngəzur dəhlizi” ifadəsi beynəlxalq leksikona daxil olduqca, bu, diplomatik reallığa çevrilir və onun önünü kəsmək çətinləşir. Lakin paradoks ondadır ki, Paşinyanın ardıcıl etirazları əksinə, mövzunun gündəmdə qalmasına səbəb olur və Avropa parlamentarilərinin də çıxışlarında həmin termin getdikcə daha çox işlədilir.

Bakıvaxtı.az bu mövzunu politoloq Züriyə Qarayeva ilə müzakirə edib.

Onun sözlərinə görə, Paşinyanın bu mövzuda ardıcıl bəyanatlar verməsinin ilk səbəbi daxili siyasətlə bağlıdır. Politoloq bildirib ki, Ermənistan cəmiyyətində “Zəngəzur dəhlizi” ifadəsi ciddi narahatlıq doğurur və müxalifət hakimiyyəti tez-tez “ərazi güzəşti”ndə ittiham edir:

“Paşinyan da hər fürsətdə bu terminə etiraz etməklə öz seçicilərinə “dəhliz vermirik, suverenlik qorunur” mesajı ötürmək istəyir. Digər tərəfdən, beynəlxalq tribunalarda etirazlarını səsləndirərək həmin ifadənin rəsmiləşməsinin qarşısını almağa çalışır. O düşünür ki, əgər bu termin beynəlxalq sənədlərə düşərsə, Ermənistan üçün gələcəkdə hüquqi və diplomatik təzyiq vasitəsinə çevrilə bilər. Ancaq belə çıxışların davamlılığı əksinə, mövzunu gündəmdə saxlayır və ifadənin daha çox işlədilməsinə səbəb olur”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanın bu ifadədə israrlı mövqeyi bir neçə mühüm nəticəyə gətirib çıxarır. Dediyinə görə, ilk növbədə, “dəhliz” termini tədricən beynəlxalq siyasi leksikona daxil olur və müxtəlif platformalarda işlədilir. Qarayeva bildirib ki, bu, Azərbaycanın mövqeyini gücləndirir və layihənin legitimliyini artırır:

“Bundan əlavə, ifadə yalnız regional tranzit yox, həm də Avrasiyanın geniş nəqliyyat şəbəkəsi ilə bağlı böyük layihələrin tərkib hissəsi kimi təqdim edilir. Beləliklə, Bakı bu dəhlizi təkcə Azərbaycan-Ermənistan münasibətlərinə deyil, daha geniş geosiyasi çərçivəyə bağlayır. Bu isə beynəlxalq aktorların maraqlarını gücləndirir və Ermənistanın etirazlarını diqqətdən kənarda qoyur. Uzunmüddətli perspektivdə bu termin Azərbaycana diplomatik üstünlük qazandırır”.

Züriyə Qarayeva: “Dəhliz” termini tədricən beynəlxalq siyasi leksikona daxil olur və müxtəlif platformalarda işlədilir

Həmsöhbətimizə görə, mövcud vəziyyət göstərir ki, Paşinyanın mövqeyi Qərbdə geniş dəstək tapmır. ABŞ və Avropa İttifaqı üçün əsas hədəf bölgədə sabitlik və yeni kommunikasiya xətlərinin açılmasıdır. Terminlə bağlı mübahisələr isə onlar üçün ikinci dərəcəli məsələ hesab olunur.

Politoloq vurğulayıb ki, Paşinyanın etirazlarının beynəlxalq gündəmə ciddi təsir etməməsi də bundan qaynaqlanır:

“Qərb aktorları daha çox layihələrin praktik nəticələri və regional inteqrasiyanın faydaları ilə maraqlanır. Paşinyanın ritorikası isə daha çox daxili siyasət üçün nəzərdə tutulub və xaricdə ciddi qarşılıq doğurmur. Buna görə də onun səyləri siyasi jest səviyyəsində qalır, real təsir gücü zəifdir”.

“Azərbaycanın beynəlxalq tribunalarda bu mövzuya toxunması çoxşaxəli məqsədlərə xidmət edir” deyən Züriyə Qarayeva bildirib ki, ilk növbədə, məsələni qlobal layihələrin tərkib hissəsi kimi təqdim etməklə, Bakı dəhlizi beynəlxalq maraqlar kontekstinə daxil edir. Onun sözlərinə görə, prezident İlham Əliyevin BMT-də və digər platformalarda bu barədə çıxışları, dəhlizi enerji, ticarət və nəqliyyat əlaqələrinin geniş şəbəkəsinə bağlayır. Bu, Ermənistanın etirazlarını neytrallaşdırır və məsələyə daha böyük siyasi çəkidə yanaşılmasını təmin edir:

“Digər tərəfdən, dəhliz həm regionun sabitliyi, həm də Avrasiyanın yeni tranzit yolları baxımından önəmli göstərilir. Beləliklə, Azərbaycan həm regional, həm də qlobal aktorların dəstəyini qazanır və öz mövqeyini möhkəmləndirir. Nəticədə, termin tədricən beynəlxalq leksikona daxil olur və Bakının diplomatik xətti uğurla işləyir”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

01 Oktyabr 2025