Ermənistan Baş naziri Nikol Paşinyan BMT-dəki çıxışından sonra AŞPA-dakı Zəngəzur dəhlizi ifadəsinə kəskin reaksiya verib. Paşinyanı hiddətləndirən avropalı deputatın sualında "Zəngəzur dəhlizi" terminini işlətməsi olub.
Paşinyan buna sərt qarşılıq verib və avropalı jurnalisti qınadığını deyib:
"Siz Zəngəzur dəhlizi ifadəsini işlədirsiniz, bunu haradan götürmüsünüz? Ermənistanla Azərbaycan arasında razılaşdırılmış heç bir sənəddə belə bir ifadə yoxdur".
Baş nazir bildirib ki, Vaşinqtonda razılaşdırılmış terminologiyadan - “Tramp yolu” adından istifadə olunmalıdır:
"Mən öz çıxışımda Vaşinqtonda qəbul edilmiş sənədlərdə olmayan ifadə işlətmirəm. Zəngəzur dəhlizi ifadəsini işlədənlər nə demək istədiklərini aydınlaşdırıb xəritədə göstərəcəklərmi? Buna görə sizi şiddətlə qınayıram".
Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Nikol Paşinyanın Zəngəzur dəhlizinə reaksiya verməsi yeni məsələ deyil.
Ekspert vurğulayıb ki, Paşinyan hökuməti bu ifadənin siyasi termin olaraq beynəlxalq leksikona düşməsindən əvvəllər də narahat idi. Müsahibimiz hesab edir ki, hazırda daha əsəbi reaksiya vermələrinin əsas səbəbi seçkilərdir:
“Paşinyan onsuz da aşağı olan reytinqinin qayğısına qalmaqla məşğuldur və bu, başadüşüləndir”.
Həsrət Rüstəmov: Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir, amma...
H.Rüstəmova görə, bu, Moskvanın sifarişi də ola bilər. Dediyinə görə. son vaxtlar regionda siyasi fəallığını artıran Rusiya görünür, erməni hakimiyyətini qızışdıraraq bu nəqliyyat dəhlizinin açılmasını əngəlləmək istəyir:
“Vaşinqton görüşündən sonra Rusiya informasiya vasitələri əsəblərini cilovlaya bilmirdilər. Görünür, Putin qulağının dibində Trampın moderatorluğu ilə, Rusiyadan kənar nəqliyyat dəhlizinin açılmasına hər vəchlə mane olacağını nümayiş etdirir. Təbiidir ki, bunu zəif həlqə olan Ermənistan üzərindən həyata keçirməyə cəh edir. Paşinyan əsl erməni kimi ona təzyiq edən hər tərəfə "hə" deyir. Amma bu, uzun müddət davam edə bilməz”.
“ABŞ-də imzalanan və Trampın bilavasitə adı ilə bağlı olan layihə ermənilərin onu necə adlandırmasından asılı olmayaraq mütləq reallaşdırılacaq", - deyə Həsrət Rüstəmov əlavə edib.
Aydın Baxış