Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ilin mayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak etməmək qərarı regional və beynəlxalq səviyyədə diqqət çəkib.
Bu qərar təkcə diplomatik jest deyil, həm də bölgədə dəyişən geosiyasi reallıqların və Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsinin göstəricisidir. Ekspertlərin fikrincə, bu addım həm Bakı ilə Brüssel arasında mövcud dinamikanı, həm də Ermənistanın siyasi xəttindəki qeyri-müəyyənlikləri əks etdirir.
Qərarın mahiyyətini və mümkün nəticələrini Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu qərar ilk növbədə Azərbaycanın prinsipial mövqeyini əks etdirir. Rəsmi Bakı hesab edir ki, hələ sülh müqaviləsi imzalanmamış bir ölkədə keçirilən sammitdə iştirak etmək simvolik baxımdan düzgün olmazdı. Onun sözlərinə görə, Əliyevin bu addımı həm diplomatik məsafə, həm də siyasi mesaj daşıyır:
“O, göstərmək istəyir ki, Azərbaycan qarşılıqlı etimad yaranmadan yüksək səviyyəli platformalarda iştirak etmir. Bu, həm də Ermənistanın davranışına cavabdır. Çünki, İrəvan hələ də bəzi beynəlxalq tribunalarda antiazərbaycan ritorikasından imtina etməyib. Bu baxımdan, qərar həm strateji, həm də psixoloji mesaj xarakteri daşıyır”.
Müsahibimiz hesab edir ki, bu addım müəyyən mənada Brüsselə yönəlik mesaj kimi də qiymətləndirilə bilər. Dediyinə görə, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirmək istəyir, amma bu əlaqələr qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurulmalıdır. Politoloq vurğulayıb ki, son illərdə Avropa qurumlarının bəzi tərəfli bəyanatları Bakıda narazılıq yaradıb. Prezidentin sammitə qatılmaması həmin narazılığın təzahürü ola bilər:
“Bununla belə, Bakı tam şəkildə dialoqa qapılarını bağlamır. Sadəcə, balanslı və qarşılıqlı faydalı münasibət modeli tələb edir. Bu yanaşma Azərbaycanın müstəqil xarici siyasət kursuna tam uyğundur”.

Züriyə Qarayeva: Azərbaycanın iştirak etməməsi sammitin siyasi çəkisini azalda bilər
Bu qərarın İrəvana üçün mənasına gəlincə, həmsöhbətimiz deyib ki, Ermənistan üçün bu, həm diplomatik, həm də siyasi baxımdan xoş olmayan siqnaldır. Çünki İrəvan sülh prosesində real irəliləyiş nümayiş etdirmədiyi halda, beynəlxalq tədbirlərlə öz imicini gücləndirməyə çalışırdı. Azərbaycanın sammitə qatılmaması bu planı müəyyən dərəcədə pozur. Onun sözlərinə görə, bu, həm də göstərir ki, Bakı artıq Ermənistanın siyasi jestlərinə reaksiya vermir, yalnız real nəticələrə fokuslanır. Ermənistan üçün bu, həm bir xəbərdarlıq, həm də danışıqlar masasında daha məsuliyyətli davranmaq çağırışıdır. Bakı bu addımla sülh prosesinə formal deyil, məzmun baxımından yanaşma tərzini nümayiş etdirir.
Bəs bu qərarın regional və beynəlxalq kontekstdə mümkün nəticələri nələr ola bilər?
Z.Qarayeva bildirib ki, qısa müddətdə bu, regiondakı diplomatik dinamikanı dəyişə bilər. Azərbaycanın iştirak etməməsi sammitin siyasi çəkisini azalda bilər, çünki regionda sülh və təhlükəsizlik məsələlərinin açarı Bakının əlindədir. Eyni zamanda, bu, beynəlxalq təşkilatlara bir siqnaldır.
“Azərbaycanın iştirakı yalnız obyektiv və balanslı platformalarda mümkündür. Uzunmüddətli baxımdan isə bu addım ölkənin geosiyasi mövqeyini zəiflətmir, əksinə, onu daha müstəqil göstərir. Çünki, Bakı artıq hər diplomatik çağırışa cavab vermək məcburiyyətində deyil. Bu mövqe, Azərbaycan diplomatiyasının prinsipial və özünəinamlı xəttini bir daha təsdiqləyir”, - deyə Züriyə Qarayeva qeyd edib.
Zülfü Məmmədov
 Bakı
 Bakı 


