Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur.
Təklif edilən dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Belə ki, "Tütün və tütün məmulatı haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında "tütün məmulatı" anlayışı dəqiqləşdirilir (nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir), həmçinin "qızdırılan tütün məmulatı" və "elektron siqaret" anlayışları daxil edilir. Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir.
Qeyd olunub ki, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.
Eyni zamanda uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, "Reklam haqqında" qanunda müvafiq dəyişikliklər edilir. Buraya "birdəfəlik istifadə üçün elektron siqaret"in və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.
"Reklam haqqında" qanuna təklif olunan dəyişikliklərə görə nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı da qadağan olunacaq.
Bakı 



