• Bakı C

    8.13 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Ukrayna-Rusiya münaqişəsi: İlin sonuna qədər razılaşma real görünmür

SİYASƏT

16 Dekabr 2025 | 15:53

Ukrayna-Rusiya münaqişəsi: İlin sonuna qədər razılaşma real görünmür

Son günlər Ukrayna müharibəsi ilə bağlı ABŞ və Avropa liderlərinin verdiyi açıqlamalar, eləcə də Berlin görüşündə aparılan müzakirələr prosesin yeni mərhələyə keçdiyini göstərir. Təhlükəsizlik təminatları, ərazi məsələləri və atəşkəs perspektivləri fonunda tərəflərin mövqeləri daha açıq şəkildə üzə çıxır.

Ukrayna müharibəsində ABŞ və Avropa liderlərinin son bəyanatları fonunda proses hara doğru irəliləyir? 

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, dünən Berlin görüşündə kifayət qədər ciddi müzakirələr aparıldı, bu, yeni bir format idi. Belə ki, bu format çərçivəsində Avropa liderləri, Ukrayna prezidenti və ABŞ prezidentinin nümayəndələri birlikdə müzakirələr apardılar və bu müzakirələr iki gün davam etdi:

"Düzdür, əsas məsələlərlə bağlı hələlik yekun razılaşma əldə olunmayıb. Xüsusilə Ukraynanın ərazi məsələləri və təhlükəsizlik təminatları ilə bağlı problemlərin hələ də açıq qaldığı bildirilir. Ərazi məsələlərinin sonraya saxlanılması ehtimal olunur. Eyni zamanda Zelenski ABŞ-nin bəzi istəklərini qəbul edir. Belə ki, Ukrayna NATO üzvlüyü ilə bağlı iddialarını irəli sürmür və bundan imtina etməyə hazır olduğunu göstərir".

Ekspert qeyd edir ki, bu, eyni zamanda konstitusion məsələdir. Çünki Ukrayna Konstitusiyasında NATO üzvlüyü ilə bağlı müddəa yer alır və bunun ləğvi üçün referendum tələb olunur. Referendumun keçirilməsi üçün isə hərbi əməliyyatların dayandırılması vacibdir.

O.Qasımov vurğulayır ki, Ukraynada seçkilərin keçirilməsi məsələsi də gündəmdədir. Zelenski buna da razılıq verir və bildirir ki, atəşkəs əldə olunduqdan təxminən 100 gün sonra seçkilər keçirilə bilər. O, həmçinin bu seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı qərar verə biləcəyini qeyd edir:

"Bu müzakirələrin əsas istiqamətlərindən biri ABŞ tərəfindən Ukraynanın müəyyən ərazi itkilərinə razı salınması müqabilində ona təhlükəsizlik təminatlarının verilməsi məsələsidir. ABŞ Ukraynaya müxtəlif istiqamətlərdə təhlükəsizlik təminatları verməyə hazır olduğunu bildirir, lakin hələlik bunlar yalnız şifahi bəyanatlar səviyyəsindədir. Ukrayna isə bu təminatların təxminən NATO-nun Nizamnaməsinin 5-ci maddəsinə bənzər şəkildə rəsmiləşdirilməsini, ABŞ Konqresi tərəfindən qəbul olunmasını və Senat tərəfindən təsdiqlənməsini istəyir".

Oqtay Qasımov: Müharibənin dayanması üçün Çin və Rusiyanın iradəsi vacibdir

Politoloqun fikrincə, bu təminatlar təxminən ABŞ-nin Yaponiya və Cənubi Koreyaya verdiyi təhlükəsizlik zəmanətlərinə oxşar modeldə nəzərdə tutulur. Avropa ölkələri isə atəşkəsdən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsinə hazır olduqlarını və Ukrayna ordusunun döyüş qabiliyyətinin və potensialının qorunmasına dəstək vermək niyyətində olduqlarını ifadə edirlər. Bu, eyni zamanda Avropanın öz təhlükəsizliyi baxımından da mühüm məsələdir:

"Çünki Ukrayna ordusu hazırda Avropada Türkiyə ordusu ilə birlikdə ən güclü iki ordudan biri hesab olunur və yüksək döyüş qabiliyyətinə malikdir. Bu ordunun potensialının saxlanılması Avropanın təhlükəsizliyinə də müəyyən qədər töhfə verir".

Onun sözlərinə görə, proseslər nə qədər optimist səslənsə və Tramp Yeni ilə qədər hansısa bir anlaşmanın imzalanacağına ümid etdiyini desə də, ilin sonuna qədər belə bir sənədin imzalanması real görünmür. Digər tərəfdən, aparılan görüşlərdə üç tərəf- Ukrayna, Avropa və ABŞ iştirak etsə də, müharibənin digər tərəfi olan Rusiya və faktiki olaraq mühüm rol oynayan Çin bu prosesdə iştirak etmir. Halbuki müharibənin dayanması bir o qədər də onların iradəsindən asılıdır:

"Bu baxımdan ABŞ-nin indiyə qədər apardığı siyasət daha çox Avropanı kənarda saxlayaraq, Ukraynanın razılığı olmadan Rusiya ilə, müəyyən qədər isə Çinlə razılaşdırılmış şəkildə atəşkəs və ya saziş əldə etməyə yönəlib. Bu yanaşma isə hazırda Avropa tərəfindən ciddi müqavimətlə qarşılanır. Düşünürəm ki, proseslər hələ davam edəcək".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR