• Bakı 19° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Azərbaycanın süni intellekt layihəsi Davosda təqdim olunacaq

MULTİMEDİA

30 May 2025 | 12:08

Azərbaycanın süni intellekt layihəsi Davosda təqdim olunacaq

Dünya İqtisadi Forumu ilə əməkdaşlığımızın əsas istiqamətlərindən biri Süni İntelleklə bağlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Fariz Cəfərov deyib.

“Hazırda süni intellektin enerji sektorunda tətbiqi ilə bağlı pilot layihə üzərində çalışırıq”, - deyə F.Cəfərov əlavə edib.

O bildirib ki, layihənin əsas məqsədi süni intellekt tətbiq etməklə enerji sərfiyyatının azaldılması ilə bağlıdır:

“Bunun üçün yerli tərəfdaşlarımız var. Bir neçə şirkətlər, eyni zamanda supermarket şəbəkələri ilə birgə çalışırıq ki, dünyada olan bu müsbət təcrübəni Azərbaycana gətirək və Azərbaycanda yaranacaq bu müsbət təcrübəni də gələn ilin yanvar ayında Davos forumu çərçivəsində beynəlxalq ictimaiyyətə açıqlayaq.

    Bununla yanaşı, Dünya İqtisadi Forumunun tabeliyində olan Süni İntellektin İdarəetmə Alyansı var. Bu alyansda dünyanın ən məşhur şirkətlərinin nümayəndələri iştirak edir. Biz bu qrupun üzvüyük və orada olan müzakirələrin şahidi oluruq, orada iştirak edirik, təcrübələrimizi paylaşırıq”.

    F.Cəfərov deyib ki, hazırda İqtisadiyyat Nazirliyində Dördüncü Sənaye İnqilabı Mərkəzinin koordinasiyası ilə Çağrı Mərkəzində Süni İntellektin tətbiqi layihəsi mövcuddur:

    “Süni İntellektin tətbiqi ilə vətəndaşlarımızın gələn zənglərinin təhlili, onların suallarının nə ilə bağlı olması, buna uyğun cavabların hazırlanması, eyni zamanda əməkdaşlarımızın performansının, danışığının və təlim ehtiyaclarının süni intellekt vasitəsilə müəyyənləşdirilməsi üzərində belə bir layihəmiz var. Paralel olaraq da çatbotun hazırlanması layihəsi var. Növbəri illərdə vətəndaşlarımızın çatbot üzərindən verdikləri suallara uyğun sürətli cavab tapması istiqamətində bir layihəmiz var. Paralel olaraq infrastruktur tərəfində də işlərimiz gedir. İqtisadiyyat Nazirliyi tərəfindən artıq ölkənin ilk superkompüteri əldə edilib. Bu superkompüter ona görə vacibdir ki, böyük həcmli dataların proses olunması, təhlil olunması, işlənməsinə böyük bir texnoloji baza lazımdır. Belə bir baza artıq yaradılıb. Dünən biz dövlət qurumları, özəl təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirdik. Bu platformadan onların necə istifadə edə bilməsi, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində hansı süni intellekt imkanlarının yaradıla biləcəyi istiqamətində müzakirələr apardıq. Çoxlu təkliflər əldə etmişik və qarşıdakı günlərdə bu istiqamətdə də açıqlamalarımız olacaq”.


    SON XƏBƏRLƏR