Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start verilib.
Bakıvaxtı.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda finalçılar müəyyənləşib.
Mübarizəyə 1/4 finaldan qoşulan İslam Bazarqanov (57 kiloqram) ötən il Avropa ikincisi olmuş türkiyəli Muhammet Karavuş üzərində inamlı qələbə qazanıb – 8:1. Bazarqanov yarımfinalda rusiyalı Avropa ikincisi Naçın Monquşa 0:5 hesabı ilə məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Rəqib İvaylo Tisov (Bolqarıstan) – Manvel Xndzrtsyan (Ermənistan) görüşünün qalibi olacaq.
Əli Rəhimzadə (65 kiloqram) əvvəlcə Dağıstanəsilli belçikalı Ayub Musayevə şans verməyib – 7:2. Həmyerlimiz 1/4 finalda isə almaniyalı Niko Meqerleyə tam üstünlüklə (10:0) qalib gəlib. Rəhimzadə yarımfinalda Çeçenistanəsilli Fransa güləşçisi Xamzat Arsamerzoyevə minimal fərqlə (3:4) uduzub. Əli bürünc medal uğrunda Stefan Koman (Rumıniya) – Andrey Svirid (Ukrayna) görüşünün qalibi ilə güləşəcək.
Kənan Heybətov (70 kiloqram) ilk mərhələdə avstriyalı Benedikt Huberi vaxtından əvvəl məğlub edib – 10:0. Güləşçimiz 1/4 finalda bolqarıstanlı Mihail Georgiyevdən güclü olub – 4:1. Heybətov yarımfinalda rusiyalı dünya çempionu David Bayevə 0:3 hesabı ilə məğlub olub. Kənan üçüncü yer uğrunda ya İsmayıl Musukayev (Macarıstan), ya da Viktor Voynoviç (Serbiya) ilə mübarizə aparacaq.
Orxan Abasov (79 kiloqram) təsnifat mərhələsində Dağıstanəsilli fransalı Zəlimxan Xadjiyevə 5:9 hesabı ilə uduzub.
Abubakr Abakarov (97 kiloqram) ukraynalı Vasil Sovaya “tuş”la (9:5) qalib gəlsə də, 1/4 finalda macarıstanlı Riçard Veqə 2:5 hesabı ilə məğlub olub.