Bakalavriat təhsil səviyyəsi üzrə faktiki tələbə qəbulunda son illərdə davamlı artım dinamikası müşahidə olunub.
Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, son dörd il ərzində bakalavriat təhsil səviyyəsində faktiki qəbul 18 faiz artıb.
2025/2026-cı tədris ilində bu təhsil səviyyəsi üzrə 63 min 25 plan yeri üçün 60 min 860 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Bu, plan yerlərinin 96,6 faizinin faktiki olaraq dolduğunu göstərir. Qəbul olunan tələbələrin 29 min 962-si dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.
2025-2026-cı tədris ili üzrə isə qiyabi təhsilalma formasında cəmi 2385 yer proqnozlaşdırılıb. Bu da 2023/2024-cü tədris ili ilə müqayisədə 1387 yer və ya 36,8 faiz azalma deməkdir. Bu azalma ölkədə ali təhsil sistemində aparılan optimallaşdırma və keyfiyyətyönümlü islahatların tərkib hissəsidir.
Əsas (baza ali) tibb təhsili səviyyəsində isə faktiki qəbul xüsusilə yüksək olub. 2025/2026-cı tədris ilində 1182 plan yerinin 1182-si dolub, faktiki qəbul 100 faiz səviyyəsində təmin edilib. Bu təhsil səviyyəsində qəbul olunan tələbələrin 1127 nəfəri (95 faizdən çoxu) dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.
Bakı 




