Yeni tədris ilinin başlaması ilə əlaqədar bölgələrdən paytaxt Bakıya axın edən minlərlə tələbənin ilk müraciət ünvanı kirayə mənzil bazarı olub. Qısa müddət ərzində bazarda tələbatın kəskin artması kirayə mənzillərin qiymətində ciddi artımlara gətirib çıxarıb.
Bakıda kirayə mənzil bazarındakı mövcud vəziyyətlə bağlı Bakıvaxtı.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tələbələrin böyük bir qismi ali təhsil müəssisələrinin sıx yerləşdiyi Yasamal, Nəsimi və Nərimanov rayonlarındakı mənzillərə daha çox üstünlük verir.

Elnur Fərzəliyev: Qiymətlərin stabilləşəcəyi gözlənilir
Ekspert qiymət artımına təsir edən əsas amilləri vurğulayıb:
“Son illər daşınmaz əmlakın satış qiymətlərinin qalxması birbaşa kirayə qiymətlərində də kəskin artıma səbəb olub. Digər tərəfdən, paytaxt ərazisində istismar müddətini bitirmiş köhnə çoxmənzilli binaların və fərdi evlərin sökülməsi nəticəsində həmin ərazilərdəki kirayə mənzillər də bazardan çıxıb. Hazırda qiymətlər kəskin baha və süni artımlarla müşahidə olunsa da, sentyabr ayının sonundan başlayaraq bazarda qiymətlərin stabilləşəcəyi gözlənilir”.
Onun sözlərinə görə, mərkəzdəki baha qiymətlər tələbələri alternativ yollar axtarmağa məcbur edir:
“Mərkəzi ərazilərdə qiymətlərin yüksək olması səbəbindən tələbələrin böyük hissəsi Bakıətrafı ərazilərdəki ucuz fərdi evlərə yönəlir. Lakin bu seçim tələbələrin gündəlik minimum 2-3 saatlarını tıxaclarda itirməsinə və əlavə yol xərcləri ilə üzləşməsinə gətirib çıxarır”.
Zeynəb Rzayeva




