Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verən yol-nəqliyyat hadisəsi bir daha sübut etdi ki, piyadaların yol hərəkəti qaydalarına biganə yanaşması acı nəticələrə səbəb olur. Xüsusilə yaxınlıqda piyada keçidi olduğu halda ondan istifadə etməmək, təkcə qayda pozuntusu deyil, həm də həyat üçün ciddi təhlükədir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektoru müdiri Ömər Xıdırovun sözlərinə görə, müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələrinin ictimailəşdirilməsi əsasən maarifləndirmə məqsədi daşıyır.
"Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş sonuncu qəza hadisəsi bir daha göstərir ki, yaxınlıqda piyada keçidi olsa belə, ondan istifadə edilməməsi ağır nəticələrə səbəb ola bilər. Müşahidələrimiz göstərir ki, bəzi piyadalar, xüsusilə də valideynlər, qaydalara əməl etməməklə təkcə özlərinin deyil, azyaşlı övladlarının da həyatını ciddi risk altına atırlar. Təəssüf ki, belə hallarda qəzalar qaçılmaz olur və nəticələr çox zaman ölüm və ya ağır xəsarətlərlə yekunlaşır,” – deyə Ö.Xıdırov bildirib.
Onun sözlərinə görə, statistik rəqəmlər də bu narahatedici vəziyyəti təsdiqləyir. Belə ki, ötən il Bakı şəhərində 240 piyada vurma hadisəsi qeydə alınıb. Nəticədə 111 nəfər həyatını itirib, onlardan 6-sı uşaq olub. Bu ilin ilk dörd ayı ərzində isə 30 piyada həyatını itirib, 5 azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ömər Xıdırov: Qəzaların baş vermə səbəbləri isə dəyişmir
"Qəzaların baş vermə səbəbləri isə dəyişmir. Bunlar arasında sürücülərin yüksək sürətlə hərəkət etməsi, yol nişanlarına əməl olunmaması, piyadaların keçidlərdən istifadə etməməsi, bəzi piyadaların nizamlayıcının göstərişlərinə məhəl qoymaması və piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolu keçməsi kimi amillər olur",- sektor müdiri diqqətə çatdırıb.
Ömər Xıdırov əlavə edib:
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bütün yol hərəkəti iştirakçılarını, xüsusilə piyadaları – qaydalara ciddi riayət etməyə çağırırıq. Valideynlərə isə bir daha xatırladırıq: yollarda təhlükəsizlik yalnız özünüzün deyil, övladlarınızın da həyat və sağlamlıq təminatıdır".
Əli Hüseynov