Qurban bayramı günlərində ət yeməklərinin istehlakı da artır. Belə yeməklərin həddindən artıq qəbulu zamanı isə bəzi insanlarda narahatlıqlar üzə çıxır.
Bəs, bayram günlərində insanlar qidalanma zamanı nələrə diqqət etməlidirlər?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, hər bir qida maddəsinin, xüsusilə də heyvan mənşəli məhsulların çox miqdarda qəbulu müəyyən yan təsirlərə səbəb ola bilər.
G.Lətifovanın sözlərinə görə, Qurban bayramı günlərində yağlı qoyun ətinin istifadəsi kəskin şəkildə artır və bu da bir sıra sağlamlıq risklərini gündəmə gətirir.
Günay Lətifova, terapevt
Terapevt qeyd edib ki, ətin həddindən artıq qəbulu, xüsusilə yağlı qoyun əti qan təzyiqinin artmasına səbəb ola bilər. Müsahibimiz əlavə edib ki, bu, xüsusilə yüksək təzyiq, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır. Belə şəxslərdə bayram zamanı qəbul edilən ağır və yağlı yeməklər şəkərin və təzyiqin kəskin qalxmasına səbəb ola bilər.
Həkim onu da vurğulayıb ki, yalnız xroniki xəstələr deyil, sağlam insanlar üçün də bayram günlərində qidanın həddindən artıq qəbulu orqanizmdə narahatlıqlara, xüsusilə də təzyiqin qalxmasına səbəb ola bilər.
“Bu günlərdə ən vacib olan qida qəbulu zamanı tarazlığı qorumaq, porsiyaları nəzarətdə saxlamaq, bol su içməkdir. Xüsusilə, insanlar lifli qidalara üstünlük verməlidir. Lifli məhsullar yağlı qidaların orqanizmə mənfi təsirini azaltmağa kömək edir”.
Mina Mikayılova