• Bakı C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Bir marşrut, çox imkan: Zəngəzur xətti ətrafında qorxular və regional reallıqlar

SİYASƏT

27 Yanvar 2026 | 11:00

Bir marşrut, çox imkan: Zəngəzur xətti ətrafında qorxular və regional reallıqlar

Son dövrlər Cənubi Qafqazda nəqliyyat və logistika mövzusu yenidən gündəmin mərkəzinə çıxıb. Xüsusilə Azərbaycanla Ermənistan arasında birbaşa yük daşımalarının mümkünlüyü regionda müxtəlif reaksiyalar doğurur.

Bəzi dairələr bunu risk kimi təqdim etməyə çalışsa da, proseslərin mahiyyətinə daha soyuqqanlı və rasional yanaşmaq vacibdir. Əslində söhbət tək bir marşrutdan yox, dəyişən qlobal ticarət reallıqları fonunda bölgənin ümumi rolundan gedir.

Mövzu iıə bağlı Bakıbaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu məsələni yalnız bir ölkənin qazancı və ya itkisi kimi təqdim etmək düzgün yanaşma deyil. Onun sözlərinə görə, dünya ticarəti sürətlə dəyişir və yük axınlarının həcmi əvvəlki illərlə müqayisədə xeyli artıb:

“Mövcud marşrutlar bu tələbatı təkbaşına qarşılamaq gücündə deyil. Ona görə də əlavə yolların yaranması obyektiv zərurətdir. Bu proses regionda əlaqəliliyi artırır və iqtisadi dövriyyəni genişləndirir. Uzunmüddətli baxışda isə belə addımlar bütün Cənubi Qafqaz üçün daha dayanıqlı nəqliyyat mühiti yaradır”.

“Bu marşrutların hansısa ölkənin tranzit mövqeyini zəiflətməsi realdırmı” sualını cavablandıran politoloq praktik baxımdan belə bir risk görmür. Dediyinə görə, tranzit sahəsində əsas problem marşrut çatışmazlığı yox, siyasi qeyri sabitlik və dar boğazlardır. Müsahibimiz bildirib ki, yeni bağlantılar bu riskləri azaltmağa xidmət edir. Əgər bir regiondan keçən yolların sayı çoxalırsa, bu o deməkdir ki, ticarət üçün etibarlılıq artır. İnfrastruktur baxımından mövcud qovşaqlar öz əhəmiyyətini itirmir, əksinə daha böyük sistemin bir hissəsinə çevrilir. Bu da tranzit ölkələr üçün əlavə imkanlar yaradır.

Züriyə Qarayeva: Əgər bir regiondan keçən yolların sayı çoxalırsa, bu o deməkdir ki, ticarət üçün etibarlılıq artır

Azərbaycan və Ermənistan arasında normallaşmanın bu kontekstdə roluna gəlincə, Z.Qarayeva vurğulayıb ki, normallaşma olmadan heç bir nəqliyyat layihəsi tam işlək ola bilməz. Sərhədlərdə risklərin azalması yükdaşıma xərclərini və vaxt itkisini minimuma endirir. Bu isə investorlar üçün əsas meyardır. İqtisadi əməkdaşlıq dərinləşdikcə siyasi gərginliklərin təsir dairəsi daralır. Region daha proqnozlaşdırılan məkan kimi qəbul olunur. Nəticədə həm yerli, həm də beynəlxalq aktorlar üçün cəlbedicilik artır.

“Mən bu xəritəni rəqabətdən çox tamamlayıcılıq üzərində qurulmuş şəkildə görürəm” deyən həmsöhbətimizə görə, ayrı-ayrı marşrutlar bir-birini sıxışdırmaq üçün yox, boşluqları doldurmaq üçün yaranır. Onun sözlərinə görə, qlobal ticarətdə alternativsiz yol anlayışı artıq keçmişdə qalıb:

“Kim daha çevik və təhlükəsiz şəbəkə təklif edirsə, o da qazanır. Cənubi Qafqaz bu baxımdan mühüm coğrafiyadır. Doğru yanaşma ilə region dünya logistikasında daha güclü mövqeyə çıxa bilər”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

26 Yanvar 2026