"Cənubi Koreya ABŞ-nin bəzi məhsullarına tətbiq etdiyi rüsumların artırılması barədə əvvəlcədən məlumatlandırılmayıb".
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezident aparatının açıqlamasında bildirilir.
Məlumata görə, ölkə ən qısa zamanda ABŞ ilə məsləhətləşmələr aparmağı planlaşdırır:
"Bu mərhələdə ABŞ hökumətindən heç bir rəsmi bildiriş alınmayıb. Hazırda Kanadada olan ticarət naziri Kim Çunq-kvan da bu məsələ ilə bağlı ABŞ-nin ticarət katibi Hovard Lutniklə məsləhətləşmək üçün ən qısa zamanda ABŞ-yə səfər etməyi planlaşdırır".
Prezident Donald Tramp Cənubi Koreyanın ABŞ-yə idxal etdiyi avtomobil, taxta və əczaçılıq məhsullarına tarifləri 25%-ə qaldırdığını açıqlayıb. O, Cənubi Koreya parlamentini Vaşinqtonla ticarət müqaviləsinə hörmət etməməkdə günahlandırıb.
“Koreya parlamenti tarixi ticarət müqaviləmizi təsdiqləmədiyi üçün avtomobillərə, taxta materiallarına, əczaçılıq məhsullarına və bütün digər qarşılıqlı tariflərə tarifləri 15%-dən 25%-ə qaldırmaq qərarına gəldim. Prezident Li Çje Myon ilə mən 30 iyulda ölkələrimiz arasında böyük bir razılaşma əldə etdik. 29 oktyabrda Cənubi Koreyaya səfərim zamanı onun şərtlərini yenidən təsdiqlədik. Koreya parlamenti niyə onu təsdiqləməyib?!”, - ABŞ prezidenti özünün “Truth Social” şəbəkəsində yazıb.
Qeyd edək ki, bir neçə ay ərzində danışıqlar aparılan iki ölkə arasında razılaşma 2025-ci ilin oktyabr ayının sonunda yekunlaşdırılıb və Cənubi Koreya məhsullarına tətbiq olunan gömrük rüsumları 15%-ə endirilib.
Bu razılaşma Cənubi Koreya və onun avtomobil sənayesi üçün çox vacibdir. Amerika bazarı Cənubi Koreyanın avtomobil ixracının yarısını mənimsəyir ki, bu da ölkənin ABŞ-yə ümumi ixracının 27%-ni təşkil edir.
Vaşinqtonun öz sənayesinin yenidən möhkəmlənməsini istədiyi gəmiqayırma sektoru, Cənubi Koreya üçün də strateji bir sektordur, çünki ölkə Çindən sonra dünyada ikinci ən böyük gəmiqayırma şirkətidir.
Aydın Baxış
Bakı 




