• Bakı C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Davos İqtisadi Forumu Azərbaycan üçün mühüm beynəlxalq platformadır

SİYASƏT

27 Yanvar 2026 | 10:40

Davos İqtisadi Forumu Azərbaycan üçün mühüm beynəlxalq platformadır

Hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu qlobal miqyasda ən nüfuzlu platformalardan biri hesab olunur. Forum iqtisadi adla keçirilsə də, burada dünya gündəmini müəyyən edən mühüm siyasi proseslər də geniş şəkildə müzakirə olunur. Çünki bu platformada dövlət və hökumət başçıları, siyasi liderlər, beynəlxalq təşkilatların rəhbərləri və qlobal şirkətlərin nümayəndələri bir araya gəlir.

Bu fikirləri politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a  Azərbaycanın Davosdakı mövqeyinin ölkənin siyasi nüfuzuna təsirindən danışarkən bildirib.

Müsahibimiz xatırladıb ki, 56-cı Davos İqtisadi Forumunda 60-dan çox dövlət və hökumət başçısı, 400-ə yaxın siyasi şəxs və minlərlə qonaq iştirak edib. Eyni zamanda, aktivlərinə görə bir çox dövlət büdcələrini belə üstələyən şirkətlərin rəhbərləri də forumda təmsil olunublar:

"Bu gün dünyada Venesuela problemi, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən proseslər, ABŞ, Avropa İttifaqı və Yaxın Şərq ölkələri arasında mövcud fikir ayrılıqları, eləcə də İran-Qərb münasibətləri fonunda Davos İqtisadi Forumunda yalnız iqtisadi məsələlərin müzakirə olunması real görünmürdu. Təsadüfi deyil ki, 1971-ci ildən bu günədək keçirilən bu forum həm miqyasına, həm də təsir gücünə görə dünyanın ən nüfuzlu platformalarından biri kimi qəbul edilir".

Politoloqun sözlərinə görə, Azərbaycan da bu platformada uzun illərdir fəal şəkildə təmsil olunur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan ilk dəfə 1995-ci ildə Davos İqtisadi Forumunda iştirak edib. 2002-ci ildə isə 11 sentyabr hadisələrindən sonra forum tarixdə ilk dəfə İsveçrədən kənarda - Nyu-Yorkda keçirilib və həmin tədbirdə də Heydər Əliyev iştirak edib.

Ekspert qeyd edir ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə, xüsusilə 2007-ci ildən etibarən Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı müntəzəm xarakter alıb. Prezident, bir qayda olaraq, nümayəndə heyətinə şəxsən rəhbərlik edir və forum çərçivəsində bir sıra nüfuzlu şəxslərlə görüşlər keçirir.

Xəyal Bəşirov: Ənənəvi enerji resurslarının tranziti ilə bağlı imkanlar ölkəyə marağı artırır

O bildirib ki, son forumda Prezident İlham Əliyev dünyanın 20-yə yaxın dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və iri şirkətlərin nümayəndələri ilə görüşlər keçirib. O cümlədən ABŞ Prezidenti Donald Tramp, İsrail Prezidenti İsaak Hersoq və Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşlər baş tutub. Eyni zamanda Çexiya Respublikasının Baş naziri, İraq Kürdüstanının Baş naziri Məsrur Bərzani və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirilib.

Prezident həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri, Avropa İttifaqının yeni institut rəhbərliyi, Dünya Səhiyyə Təşkilatının baş direktoru və JP Morgan, DP World kimi qlobal şirkətlərin rəhbərləri ilə də müzakirələr aparıb. Bu görüşlərdə Azərbaycanın dövlət maraqlarına xidmət edən iqtisadi, enerji, logistika və investisiya layihələri ətrafında fikir mübadiləsi aparılıb:

"Nəzərə almaq lazımdır ki, Azərbaycan uzun illər münaqişə zonasında yerləşən ölkə olub. Ermənistanın işğal siyasəti səbəbindən Cənubi Qafqazda gərginlik mövcud olub. Artıq beş ildir ki, bu münaqişəyə hərbi, ötən il isə siyasi baxımdan yekun vurulub. Bu amil Azərbaycan üçün beynəlxalq platformalarda iştirak daha da cəlbedici olmalıdır.

Azərbaycan zəngin təbii resurslara malik ölkədir. Külək, günəş və su enerjisi potensialı, yaşıl enerji layihələri, eləcə də ənənəvi enerji resurslarının tranziti ilə bağlı imkanlar ölkəyə marağı artırır. Orta Dəhliz, Zəngəzur dəhlizi, nəqliyyat-logistika marşrutları ilə bağlı müzakirələr də bu kontekstdə xüsusi önəm daşıyır".

X.Bəşirovun sözlərinə görə, bütün bu amillər Davos İqtisadi Forumunu Azərbaycan üçün mühüm platformaya çevirir. Prezident İlham Əliyev də bu imkandan istifadə edərək Azərbaycanın maraqlarını beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiə edir. Eyni zamanda Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə formalaşdırılan və qlobal münaqişələrin həllinə yönələn Sülh Şurası prosesində iştirakı, bu forumun ölkəmiz üçün tarixi əhəmiyyət daşıdığını göstərir:

"Hesab edirəm ki, bu Davos İqtisadi Forumu Azərbaycanın beynəlxalq təşkilatlar, dövlətlər və iri şirkətlərlə əlaqələrinin daha da möhkəmlənməsi baxımından yadda qalan və strateji əhəmiyyətə malik hadisə kimi tarixə düşəcək".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

26 Yanvar 2026