• Bakı C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Baş Prokurorluqda Geniş Kollegiya iclası keçirildi

SİYASƏT

28 Yanvar 2026 | 16:06

Baş Prokurorluqda Geniş Kollegiya iclası keçirildi

Baş Prokurorluqda 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, 2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olmuş, onlardan 71 nəfəri həlak olmuş, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, cari ildə ölkə ərazisində 31852 cinayət qeydə alınmaqla onların 90,5 %-nin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 15766 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5 %-nin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsinin ödənilməsinə nail olunmuş, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.

Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5 milyon 172 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 4 milyon 855 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.

Məlumat verilib ki, 2023-cü ildən prokurorluq orqanlarında tətbiq edilən "Elektron prokurorluq" informasiya sistemi ötən müddət ərzində daha da inkişaf etdirilmiş, prokurorluğun bütün qurumları üzrə istifadəsinə şərait yaradılmaqla digər informasiya sistemlərinə inteqrasiyası təmin olunmuş, xidməti fəaliyyətin icrası məqsədilə 47 modul yaradılmaqla istifadəyə verilib.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilmiş, bunlardan 6 şəxs barəsində 5 iş qəsdən adam öldürmə faktları ilə bağlı olubdur.

Kollegiya iclasında daxili işlər orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə həmin işlər üzrə ibtidai istintaqın davam etdirildiyi xüsusi vurğulanıb.

Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1389 apellyasiya və 406 kassasiya protestləri verilmiş, 766 apellyasiya protesti və 74 kassasiya protestləri təmin olunmaqla nəticədə yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin olunub.

Cari il ərzində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 953 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin növbəti təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarın icrası istiqamətində görülən işlər barədə danışarkən Baş prokuror Kamran Əliyev bildirib ki, hazıradək həmin qərar ibtidai istintaq və məhkəmə baxışı mərhələsində olan cinayət işləri üzrə 429, habelə məhkum edilmiş 14160 şəxs barəsində tətbiq edilməklə ümumilikdə 14589 şəxsə şamil olunub.

2025-ci ildə prokurorluq orqanlarında cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 3066 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

Hesabat dövründə valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 mülki iddia (16 uşağın 14 valideyni barəsində) qaldırılıb, həmin iddiaların 5-i təmin edilib, 6-ı isə hazırda məhkəmə baxışındadır.

Kollegiya iclasında qeyd edilib ki, ötən ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1-nə irad tutulub, 13-nə töhmət və ya şiddətli töhmət elan edilib, 5 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə 65 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Eyni zamanda kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.

Baş prokuror tərəfindən prokurorluq əməkdaşlarına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış mübarizədə şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə həssaslıqla yanaşılması, qeyd edilən kateqoriyadan olan vətəndaşların qəbulunun dərhal təmin edilməsi və onların müraciətlərinə təxirəsalınmadan baxılması və diqqət göstərilməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Baş prokuror ictimaiyyətin maarifləndirilməsi, əhalinin hüquqi savadlılığının artırılması məqsədilə hazırlanmaqla icraya yönəldimiş "Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi"inin əhəmiyyətini, Yol Xəritəsində yer almış hər bir tədbirin önəm kəsb etməsini xüsusi vurğulamaqla onların təxirə salınmadan müəyyən olunmuş müddətlərdə icrası ilə bağlı müvafiq göstəriş verib.

Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov tərəfindən edilmiş çıxışlar zamanı hesabat dövründə cavabdeh olduğu sahələr üzrə görülmüş işlər, əldə olunmuş uğurlar və yol verilmiş nöqsanlar diqqətə çatdırılıb.

İclasda çıxış edən Xızı rayon prokuroru Xəyalə Aslanova və Kəlbəcər rayon prokuroru İlkin İsmayılov tərəfindən hesabat dövründə qeydə alınmış cinayət hadisələri, onların istintaqı vəziyyəti, xidməti fəaliyyət zamanı rastlaşılan çətinliklər ətrafında məruzələr edilib.


SON XƏBƏRLƏR