Fevralın 26-da Azərbaycanın siyasi və milli yaddaş tarixində simvolik çəkisi böyük olan bir hadisə baş verdi. İşğaldan azad edilmiş Xocalıda Xocalı Soyqırımı Memorialının açılışı keçirildi və mərasimdə İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak etdilər.
Bu faktın özü artıq siyasi mesajdır: memorial Bakıda deyil, məhz hadisənin baş verdiyi məkanda - Xocalıda ucaldılıb. Yəni yaddaş mərkəzdən periferiyaya daşınmayıb, əksinə, torpağın özündə bərpa olunub.
Bu açılış təkcə anım mərasimi deyildi. O, postmüharibə mərhələsinin ideoloji tamamlanma aktı kimi təqdim edildi. Prezident çıxışında Xocalı faciəsini Ermənistan dövləti tərəfindən törədilmiş hərbi cinayət kimi xarakterizə edərək məsuliyyətin ünvanını açıq şəkildə göstərdi. Bununla yanaşı, o, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatını “ədalətin təmin olunması zəncirinin” mərhələləri kimi təsvir etdi. Beləliklə, memorialın açılışı sadəcə keçmişə baxış deyil, həm də son altı ilin siyasi narrativinin kulminasiya nöqtəsi kimi təqdim olundu.
Memorialın memarlıq dili də ideoloji çərçivəni tamamlayır. Dörd tərəfdən qoruyucu əlləri xatırladan monolit konstruksiya qorunmayan bir şəhərin faciəsini simvolik olaraq “qoruma altına” alır. Həyətdə əkilən badam ağacları isə təsadüfi seçim deyil. “Xocalıya ədalət!” kampaniyasının simvoluna çevrilmiş badam çiçəyi burada həm yazın başlanğıcını, həm də ədalət tələbinin davamlılığını ifadə edir. Yəni məkan estetik obyekt deyil, mesaj ötürən siyasi-mədəni konstruksiyadır.
Ekspozisiyanın məzmunu da diqqətəlayiqdir. İnteraktiv maketlər, instalyasiyalar və süni intellektlə hazırlanmış vizual təqdimatlar vasitəsilə faciənin insan taleləri üzərindən göstərilməsi emosional təsiri gücləndirir. Bu, klassik memorial konsepsiyasından fərqlənir: burada təkcə xronologiya və fakt yox, həm də fərdi dram ön plana çəkilir. Belə yanaşma beynəlxalq auditoriya üçün də daha anlaşılan vizual dil yaradır.
Digər mühüm məqam isə siyasi kontekstlə bağlıdır. Prezident çıxışında beynəlxalq təşkilatların illərlə susqun qalmasına eyham vurdu və Azərbaycanın ədaləti “öz gücü ilə” təmin etdiyini vurğuladı. Bu tezis daxili auditoriya üçün milli həmrəyliyin möhkəmləndirilməsi funksiyasını daşıyırsa, xarici auditoriya üçün mesaj aydındır: Azərbaycan artıq 1990-cı illərin zəif dövləti deyil. Memorialın açılışı bu mənada həm yaddaş siyasəti, həm də güc nümayişi aktıdır.
Xocalıda memorialın ucaldılması “Böyük Qayıdış” prosesinin ideoloji sütunlarından biri kimi də qiymətləndirilə bilər. Çünki şəhərin fiziki bərpası ilə yanaşı, simvolik bərpası da həyata keçirilir. Bir vaxtlar dağıdılmış məkan indi dövlət səviyyəsində xatirə və identiklik mərkəzinə çevrilir. Bu isə gələcək nəsillər üçün həm tarix dərsi, həm də siyasi şüur formalaşdıran platforma rolunu oynayacaq.
Dünənki səfər və açılış mərasimi göstərdi ki, Xocalı mövzusu Azərbaycan üçün yalnız keçmişin ağrısı deyil, həm də müasir dövlət quruculuğunun ideoloji dayaqlarından biridir. Memorialın məhz Xocalıda açılması isə bu ideyanın ən güclü simvolik ifadəsidir: yaddaş artıq öz yerinə qayıdıb.
Alim Nəsirov
Bakı 




