Azərbaycan dilinin qrammatik təbiətinə daha uyğun ifadələrin qanunvericilikdə istifadəsi vacibdir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Millət Məclis sədrinin müavini Rafael Hüseynov parlamentin bugünkü iclasında çıxışında bildirib.
O, mədəniyyət sahəsində işlədilən “mədəniyyət yaradıcılığı”, “mədəniyyət sənayesi” və “yaradıcılıq sənayesi” kimi ifadələrin dilimizin qrammatik quruluşuna uyğun olduğunu vurğulayıb:
“Düşünürəm ki, gələcəkdə məhz bu şəkildə yazılmalıdır. Azərbaycan mədəniyyəti 2040 Konsepsiyası qəbul olunub və onun çərçivəsində beş dövlət proqramının hazırlanması nəzərdə tutulur. Gələcəkdə istər kinematoqrafiya haqqında qanunda, istər mədəniyyət haqqında qanunda, həmçinin digər qanunlarımızda həmin konsepsiya çərçivəsində mütləq yenidən baxılacaq və müəyyən mənada islah ediləcək. Bu kontekstdə, dilimizin qrammatik quruluşuna daha uyğun ifadələr qanun layihələrində yer almalıdır. Həmin sıradan, indi istifadə olunan “mədəniyyət sənayesi”, “yaradıcılıq sənayesi” ifadələri həm dilimizin qrammatik, həm də dilimizin təbiəti nöqteyi-nəzərindən tamamilə doğrudur".
Rafael Hüseynov bildirib ki, Azərbaycan dilinin qrammatik təbiətinə daha uyğun ifadələrin qanunvericilikdə istifadəsi vacibdir. Deputat vurğulayıb ki, “Milli Məclis” ifadəsi ictimai-siyasi gündəlikdə geniş işlədilsə də, əslində Azərbaycan dilinin orfoqrafik və qrammatik normalarına uyğun olaraq “Millət Məclisi” şəklində səsləndirilməlidir.
Əli Hüseynov
Bakı 




