Son günlərdə bəzi marketlər şəbəkəsində bir sıra ərzaq məhsullarının qiymətində artım müşahidə olunub.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin son məlumatında da bahalaşma rəsmən təsdiq olunub. Məlumatda bildirilib ki, bu ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarında daha çox bahalaşma unun, çörəyin, peçenyenin, vaflinin, qoyun, mal və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, xamanın, kəsmiyin, yoqurtun, pendirin, kərə yağının, süfrə marqarininin, bananın, naringinin, narın, heyvanın, balqabağın, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, kələmin, şokolad məmulatlarının və konfetlərin, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə yumurtanın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub.
İqtisadçı-ekspert Elşən Bağırzadə Bakıvaxtı.az-a bildirib ki, qiymət artımı qarşıdakı dövrlərdə də müşahidə olunacaq.
“Hər şeydən əvvəl onu nəzərə almaq lazımdır ki, xeyli müddətdir dünyada qida məhsullarının qiymətində artım müşahidə olunurdu. Bu artımların idxal vasitəsilə Azərbaycan bazarında da özünü göstərməsi normaldır. Eyni zamanda hazırda Rusiya-Ukrayna böhranının da bir çox qida məhsullarının qiymətlərini artıracağı gözləniləndir. Bu təsir Azərbaycan bazarında da özünü qabarıq şəkildə biruzə verəcəkdir. Azərbaycan iribuynuzlu heyvan ətinin 76%-dən çoxunu, quş əti və quş əti məhsullarının 60%-dən çoxunu, süd və qaymağın 28%-dən çoxunu, şəkərdən hazırlanan qənnadı məmulatlarının 24%-i, kərə yağı, digər süd yağları və pastaların isə 24%-dən çoxunu Ukraynadan həyata keçirir. Buğda idxalının da önəmli hissəsi Ukraynadan həyata keçirilir. Artıq bu idxalın mümkünsüz olacağı aydın olur. Eyni zamanda Azərbaycan buğda, buğda unu, kartof, bitki yağları, kolbasa məhsulları, şəkər və şəkər məhsulları, mineral gübrələr, kağız, polad prokatları kimi məhsulların idxalında da önəmli ölçüdə Rusiyadan asılıdır. Ona görə də qarşıdakı dövrlərdə bütün bu məhsulların qiymətlərində artımların müşahidə oluna biləcəyini gözləmək olar”, - deyə iqtisadçı-ekspert bildirib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7,0 milyard manatlıq, o cümlədən 3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,1 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.
2022-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 15,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Ramid İbrahimov








jpg-1649857348.webp)







