Bu günə qədər Təhsil Tələbə Krediti Fondundan yararlanan tələbələr – həm sosial, həm də standart kredit alanlar üçün əhəmiyyətli bağışlamalar həyata keçirilib. Sosial statuslu və yüksək akademik göstərici nümayiş etdirən tələbələrə 25 və 50 faiz güzəştlər tətbiq olunub, bir çox tələbənin kreditləri isə faizsiz qaydada ödənilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində deyib.
Onun sözlərinə görə, sosial kredit alan məzunlara nəzər saldıqda, 7920 nəfərin – yəni kredit alanların 68 faizinin – gələcəkdə kreditlərini faizsiz ödəmək imkanı olacaq:
“Bu, dövlətin sosial yönümlü təhsil siyasətinin uğurla həyata keçirildiyini göstərir. Qanunvericiliyə əsasən, sosial kredit alan tələbələr semestri 71 bal və yuxarı nəticə ilə başa vurduqda krediti faizsiz alırlar. Standart kreditlərdə isə bu şərt 91 baldır və nəticə etibarilə tələbələrin 19 faizi faizsiz ödəniş imkanından yararlanacaq”.
Sədr bildirib ki, ümumilikdə, 681 tələbənin müqaviləsinə 50 faiz, 1679 tələbənin müqaviləsinə isə 25 faiz güzəşt tətbiq edilib. Son nəticələrə əsasən, Fondun ayırdığı vəsaitlərdən 760 mindən çox manat tələbələrin kredit ödənişlərinə bağışlanıb.
Zeynəb Rzayeva
Bakı 




