2020-ci ildən sonra ABŞ-də baş verən siyasi dəyişikliklər və 2024-cü il prezident seçkilərinin nəticələri Donald Trampın yenidən ABŞ prezidentliyinə seçilməsi ilə dünya siyasətində yeni bir dövrün başlanğıcını işarə edir.
10 gündən sonra tamhüquqlu şəkildə hakimiyyətə qayıtmalı olan Tramp özünün qeyri-ənənəvi idarəetmə üslubu, sərt xarici siyasət yanaşmaları və populist daxili siyasət strategiyaları ilə dünya gücləri arasındakı balansı yenidən qurmağa çalışacaq. Onun ikinci prezidentlik dövrü ABŞ-nin beynəlxalq münasibətlərindəki ənənəvi yanaşmaların dəyişməsi və qlobal siyasətdə yeni bir nizamın formalaşması ilə müşayiət edilə bilər.
Bəs Trampın yeni hakimiyyət dönəmində qlobal güc münasibətlərinin necə formalaşacaq? Gözləntilər nələrdir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elman Vəliyev bildirib ki, Amerikada prezidentlik anlayışı xarici siyasət istiqamətində genişspektrli rol oynayır:
"Bir fiqur olaraq prezident funksioner xüsusiyyətini daşıyır. Məsələn, Bayden Rusiya və Ukrayna müharibəsinin təməllərini qoydu, Obamanın hakimiyyətə gəlməsi ilə birlikdə ölkədə afroamerikalılarının təbliğatının əsasına yön verdi. Mövzu bundan ibarətdir ki, hər dəfəsində bu obrazı fərqli şəxslə icra edirlər. Donald Trampın dövründə isə mütləq şəkildə Rusiya-Ukrayna arasında baş tutan konfliktdə irəliləyişlər əldə ediləcək. Bəlkə də, o, səfehdir, amma müharibənin yatırılmasında mühüm rol oynayacaq. Onun hakimiyyəti dövründə Ukraynada bufer zonanın yaradılması, sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi məsələlər təklif edilə bilər. Təbii ki, iki tərəf də masaya əyləşərsə, kompromisə getmək mümkün olacaq".
Onun sözlərinə görə, Şərq problemində də mühüm addımlar əldə ediləcək:
"Fikrimcə, İsrailin Tramp hakimiyyəti dövründə aparacağı siyasətdə yüksələn xətlə inkişaf müşahidə ediləcək. Şərqdə ilk hədəf İran ola bilər. Lakin Yəmənin də ABŞ tərəfindən müəyyən basqıya məruz qalacağı açıq-aşkardır, çünki Husilərin qərərgahı Tramp administrasiyası üçün strateji olan boğazda yerləşir. Bundan əlavə, sözügedən təşkilat Birləşmiş Ştatların aparacağı Şərq siyasətinə xüsusi maneçilik törədir. Həmçinin, Səna boğazı ABŞ-nin enerji siyasətində mühüm rola malikdir".
Politoloq Çin-Birləşmiş ştatlar münasibətləri mövzusuna toxunan zaman qeyd edib ki, bu dövlət ABŞ-nin ən əsas hədəfidir:
"Hazırda Çin Amerika Birləşmiş Ştatlarını istənilən istiqamətdə "ötüb keçə biləcək" həddə gəlib. Ancaq bu o demək deyil ki, ABŞ daha da çiçəklənəcək. Trampın hakimiyyəti dövründə ölkənin daya sütunları bir növ "laxlaya" da bilər".
Elman Vəliyev: Trampın hakimiyyəti dövründə yeni dünya nizamının formalaşması ehtimalı çoxdur
Son zamanlar ABŞ-nin, xüsusilə, Trampın qaldırdığı ərazi iddiaları mövzusunda sualımıza həmsöhbətimiz bu addımın ölkəni işğalçılıq siyasətinə apardığını deyib:
"Trampın Qrenlandiya üzərindəki ərazi iddiaları onun imperialist yanaşmalarının bir hissəsi olaraq ABŞ-nin beynəlxalq güc balansına təsir etmə istəyini əks etdirir. Bu, həmçinin digər ölkələrə qarşı hegemonluq arzularının artmasına və qlobal təhlükəsizliyi zəiflətməyə səbəb ola bilər. ABŞ dünyanın ən böyük xarici borcuna sahib olmasına baxmayaraq, iqtisadi və hərbi gücü ilə hələ də qlobal siyasətdə dominant rol oynamağa davam edir, bu isə onun strateji maraqlarını qorumaq üçün daha aqressiv siyasətlərə baş vurmasına imkan verir".
E.Vəliyevin sözlərinə görə, yeni dünya nizamının formalaşması prosesi Tramp administrasiyanın dövründə xüsusilə geniş vüsət alacaq:
"Trampın hakimiyyəti dövründə proqnozlara uyğun olaraq yeni dünya nizamının formalaşması ehtimalı çoxdur. İlk növbədə, gözlənilən odur ki, kiçik aktorlar sıradan çıxacaq. Güc olmaq yolunda əsas qlobalist ölkələr mübarizə aparacaq. İsrail Orta Şərqdə geniş ağalıq siyasəti yürütməyə çalışacaq. Bununla da "Böyük İsrail"ə bir addım da yaxınlaşacaqlar. Qafqaz siyasətində isə əsas amil Azərbaycan faktorudur. Ölkəmizin Qafqazdakı rolu bu dönəmdə daha da artacaq. Avropa İttifaqı isə artıq öz gücünü itirəcək. Çünki, qlobal güclərin fonunda bu təşkilatın rolu azalacaq. Ermənistanın hazırdı yeritdiyi Avropameyilli siyasətdə də bununla sıxışdırılacaq".
Əli Hüseynov