Paytaxtda və bölgələrdə müşahidə olunan yol-nəqliyyat hadisələrinin böyük bir hissəsi piyadaların qaydalara əməl etməməsi ilə bağlıdır.
Piyadaların müəyyən olunmuş keçidlərdən deyil, istədikləri yerdən yolu keçməsi həm özləri, həm də sürücülər üçün ciddi təhlükə yaradır. Bu cür məsuliyyətsiz davranışlar bəzən faciəvi nəticələrə gətirib çıxarır.
Taksi sürücüsü Namiq Əsədov deyir ki, qol qəzalarının onundan səkkizində piyadalar günahkardır:
“Baxırsan, beşaddımlıqda piyada keçididir, ordan keçmirlər. Elə bil yolu qaça-qaça keçməkdən ləzzət alırlar. Soruşanda da deyir, tələsirəm. Ay anam, at qardaşım, tələsirsən, get piyada keçidindən keç də. Niyə özünü də bədbəxt edirsən, sürücünü də?”
Müsahibimiz piyada keçidindən keçməyənlərə qarşı cərimələrin daha da artırılmasının tərəfdarıdır:
“Müsəlmanın pulu aldın, elə bil canını aldın. Cərimələr artırılmalıdır ki, bəlkə məsuliyyətsiz piyadalar bundan bir dərs alalar”.
Bəs, piyada mədəniyyətinin formalaşması üçün nə etmək olar?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, son vaxtlar piyadalarla bağlı məsuliyyət problemi daha açıq şəkildə özünü göstərməkdədir.
E.Muradlı qeyd edib ki, piyadalar çox vaxt cəzasız qalırlar ki, buna görə də belə ağır mənzərələr ortaya çıxır:
“Piyadaların iştirakı ilə baş verən hadisələrin əksəriyyəti ölüm və ya xəsarətlə nəticələnir. Ümumilikdə yol-nəqliyyat hadisələrinin təxminən 45-50 faizi piyada vurma hallarına düşür ki, bu da çox böyük və narahatlıq doğuran rəqəmdir”.
Elməddin Muradlı: Onların cəzası daha sərt formada olmalıdır
Ekspert hesab edir ki, məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir, əks halda vəziyyət daha da pisləşəcək.
Müsahibimiz qeyd edib ki, piyada vurma hallarında əsas narahatlıq doğuran məsələ onların məsuliyyətdən çox vaxt kənarda qalmasıdır. Dediyinə görə, insan öz davranışıyla təkcə özünü deyil, yanında olan övladlarını, digər hərəkət iştirakçılarını və sürücüləri də çətin vəziyyətə salır:
“Onlar çox vaxt texnikaya güvənirlər, amma texnika da işləməyə bilər. Əgər texnika işləməsə, vəziyyət necə olacaq? Bu da böyük problemdir və ciddi narahatlıq doğurur”.
E.Muradlının fikrincə, nəzarət mexanizmi gücləndirilməli, qayda pozanlar cəzasız qalmamalı, daha ağır cəzalar tətbiq olunmalıdır:
“Əgər kimsə qəza şəraiti yaradırsa, nəticədə piyada ölüm və ya xəsarət alırsa, onların cəzası daha sərt formada olmalıdır. O zaman bu, başqaları üçün də dərs olar”.
Həmsöhbətimizin sözlərinə görə, hazırda infrastruktur təkmilləşir, piyadalar üçün geniş imkanlar yaradılır, keçidlər tikilir:
“Amma baxırsınız ki, yaradılan şəraitdən səmərəli istifadə edilmir. Nəticə göz qabağındadır. Belə olmamalıdır. Şərait yaradılıbsa, ondan normal qaydada istifadə etmək lazımdır”.
Mina Mikayılova