• Bakı 21° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Beynəlxalq hərbi əməkdaşlıq:  Müharibə yaratmaq istəyən dövlətlərə güc nümayişi, yoxsa?..

SİYASƏT

23 Sentyabr 2025 | 13:57

Beynəlxalq hərbi əməkdaşlıq:  Müharibə yaratmaq istəyən dövlətlərə güc nümayişi, yoxsa?..

Son zamanlar ölkələrarası hərbi müzakirələr artıb, hərbi təlimlər başlayıb və ya başlanması planlaşdırılıb.

Bakıvaxtı.az bildirir ki, avqustun 18-dən sentyabrın 30-dək Almaniya, Litva, Finlandiya ərazilərində və Baltik dənizində keçirilən "Quadriga-2025" təlimlərinə 14 ölkə qoşulub.

Hazırda Türkiyə ilə Misir 13 ildən sonra ilk hərbi təlimlərini keçirirlər. Təlimin 4 gün keçirilməsi planlaşdırılıb.  

Eyni zamanda Baltik dənizində Polşa-İsveç ikitərəfli Qotland Sentry təlimi başlayıb. Təlim bu il sentyabrın 2-də imzalanmış müdafiə sahəsində əməkdaşlıq sazişinin nəticəsidir.

O cümlədən, İsveçrə ordusu digər 12 ölkənin hərbçiləri ilə birlikdə sentyabrın 22-dən oktyabrın 3-dək Portuqaliyanın Beja şəhərində keçiriləcək NATO Tiger Meet illik hava təlimində iştirak edəcək. Bu il təlimlərdə İsveçrə və Portuqaliya ilə yanaşı, Avstriya, Böyük Britaniya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Hollandiya, Polşa, Türkiyə, Fransa və Çexiya da iştirak edəcək.

Bundan başqa, ötən gün Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev belaruslu həmkarı general-mayor Pavel Muraveyko ilə görüşüb. Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin intensivləşdirilməsi yolları müəyyənləşdirilib.

Maraqlıdır ki, hərbi əməkdaşlıqların artmasının səbəbi nədir?

Deputat Tahir Rzayev Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.

O bildirib ki, ölkələr arasında hərbi əməkdaşlıqların güclənməsi və genişləndirilməsi milli maraqlara, təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bu isə yaxşı bir haldır.

Onun sözlərinə görə, bu gün dünyada baş verən münaqişələr və müharibələr hər bir dövlətə öz təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görməyə vadar edir. Deputat hesab edir ki, bu baxımdan Azərbaycanın bir çox ölkələrlə hərbi əməkdaşlıq sahəsində imzaladığı sənədlər, təlimlərə qoşulması qəbulediləndir:

“Sözsüz ki, bu addım müharibələrə yol açmır və müharibələrin baş verməsi üçün zərurət deyil. Hərbi təlimlərin keçirilməsi və hərbi əməkdaşlığın möhkəmləndirilməsi həm ölkələrarası münasibətlərdə yeni imkanlar yaradır, həm də NATO standartlarına uyğun ordunun gücləndirilməsi və təlimatlandırılması üçün vacib şərtdir".

Tahir Rzayev: Ölkələrin bir-birinə dayaq olması, çətin gündə bir-birini dəstəkləməsi başadüşüləndir

Müsahibimiz vurğulayıb ki, hazırda ölkələr arasında keçirilən və keçirilməsi planlaşdırılan hərbi təlimlər dünyada baş verən münaqişələr zəminində çox vacibdir. Bu, həm müharibə yaratmaq istəyən dövlətlərə güc nümayişidir, həm də gələcəkdə baş verəcək istənilən hücumun qarşısının alınması üçün çox önəmlidir:

"Hərbi kontekstdə Azərbaycanın da Belarusla hərbi əməkdaşlığı başadüşüləndir. Çünki Belarus ölkəmizlə dost dövlətdir və qarşılıqlı sağlam münasibətlər var. Tərəflər arasında iqtisadi ticarət, mədəniyyət, turizm, eləcə də hərbi sahədə əlaqələr möhkəmdir. Bu əlaqələrin getdikcə gücləndirilməsi hər iki ölkənin milli maraqlarına xidmət edir”.

“Ölkələrin bir-birinə dayaq olması, çətin gündə bir-birini dəstəkləməsi başadüşüləndir. Ona görə də hərbi təlimlər çox vacibdir və dəyərləndirilməlidir", - deyə Tahir Rzayev əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

22 Sentyabr 2025