• Bakı 16° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Binəqədidə 10 nəfərin öldüyü partlayışla bağlı məhkəmə keçirilib

HADİSƏ

14 May 2025 | 17:31

Binəqədidə 10 nəfərin öldüyü partlayışla bağlı məhkəmə keçirilib

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.

Zərərçəkən Elxan Əhmədov deyib ki, hadisə vaxtı icarədar Səyyad Ələsgərovun sexində işləyib və hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alıb:

"Mənə 2 min 400 manat müavinət verilib, lakin bu vəsait müalicəmə kifayət etməyib. Mən barışıq ərizəsini verəndə deyildi ki, əlavə yardım olacaq. Amma heç bir yardım edilmədi. Əgər, yardım edilməsə, barışıq ərizəsini geri götürəcəm. Hadisə zamanı əlim, ayığım və bədənimin müxtəlif yerləri yanıb".

Zərərçəkən Anar Nuriyevin sözlərinə görə, hadisə nəticəsində ona 31 min manat dəyərində ziyan dəyib:

“Mənə köməklik göstərilməsini xahiş edirəm. Hadisə nəticəsində avadanlığa ziyan dəyib, buna görə mənzilimi satdım və borca düşdüm. Ən azı ziyanın 80 faizinin ödənilməsini istəyirəm.”

Zərərçəkən Tofiq Qurbanov bildirib ki, hadisə nəticəsində sexdə olan avadanlıqları yararsız hala düşüb:

"Mən 120 min manat dəyərində ziyana düşmüşəm. Hadisədən sonra işlərim çətinləşdi. Məcbur qalıb yanan avadanlıqları satdım. Mənə dəyən ziyanın ödənilməsini tələb edirəm.”

Təqsirləndirilən Tağı İbrahimov zərərçəkənin qaldırdığı mülki iddia ilə razılaşmayıb.

O, bildirib ki, zərərçəkən məbləği şişirdib:

“Bu qədər ziyan dəyməsini əks etdirən sübut var? 120 min manat böyük məbləğdir. Zərərçəkən iddia edir ki, yararsız avadanlıqları satıb. Bunu necə sübut edə bilər”?

Hakim Elmin Rüstəmov əlavə edib ki, zərərçəkənləri razı salaraq barışıq əldə etmək lazımdır:

“Siz özünüzü onların yerinə qoyun. Burada ailə üzvünü, sağlamlığını itirən insanlar var. Onları geri qaytarmaq mümkün deyil. Proses bir ildir, davam edir, hələ də narazı qalan insanlar var”.

Məhkəmənin növbəti iclası iyunun 18-ə təyin olunub.

Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.

İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.


SON XƏBƏRLƏR