Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə maraqlı şəxslər- təqsirləndirilən Cəlal Kazımovun həyat yoldaşı Nüşabə Kazımova, oğlu Emin Kazımzadə, qızı Aytən Niftəlizadənin vəkili Əli Adıgözəlov çıxış edib.
Vəkil qeyd edib ki, həmin şəxslərin əmlakları üzərinə birinci instansiya məhkəməsi tərəfindən qoyulmuş həbs götürülməlidir:
"Həmin əmlakların hansı yolla əldə olunması və alınması ilə bağlı sübutlarımız var. Həmin sübutlara Bakı Hərbi Məhkəməsi əhəmiyyət vermədi.”
Vəkil deyib ki, Aytənin bir evi var, həmin evi də Aytənə qayınanası tərəfindən alınıb. Aytən Niftəlizadə 2016-cı ildə ailə həyatı qurub. 2020-ci ildə qayınanası ona ev alıb. O, evi oğlunun yox, gəlinin adına alıb, ona hədiyyə edib.
Əli Adıgözəlov bildirib ki, Emin Kazımzadəyə məxsus evin üzərinə qoyulmuş həbs də qanunsuzdur, çünki ona evi əmisi verib.
"Bütün bunların məhkəmə tərəfindən nəzərə alınmasını və apellyasiya şikayətimizin təmin edilməsini xahiş edirik".
Proses iyunun 30-da davam edəcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.
Dövlət büdcəsinə vurulmuş ziyanı tam ödəmədikləri üçün təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dövlətə dəymiş ziyanın tam ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs ediliblər.
Cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır.
Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.