• Bakı 24° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

7 körpənin öldüyü yanğınla bağlı məhkəmə davam etdirilib

HADİSƏ

13 Iyun 2025 | 11:03

7 körpənin öldüyü yanğınla bağlı məhkəmə davam etdirilib

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahid ifadə verib.

    Respublika Perinatal Mərkəzində tibb bacısı vəzifəsində çalışan Təranə Əhmədova ifadə verib.

    O, bildirib ki, təqsirləndirilən şəxslərin hər üçünü tanıyır:

    “Hər üç şəxsi tanıyıram. Həmin gecə biz 6 nəfər növbədə idik. Hadisə 4-cü mərtəbədə, gecə saatlarında baş verib. Gördük yanğın baş verib. Söndürməyə çalışsaq da, bacarmadıq. Yanğınsöndürən balon olsa da, yararsız olduğu üçün ondan istifadə etmədik. Palatada 7 küveyz var idi. Bütün küveyz aparatlarında körpə var idi. Yanğın elektrik yuvasından başladı və yayıldı. Biz uşaqları çıxarmağa başladıq. Sonra yanğını söndürməyə mühafizəçi gəldi. Biz özümüz də yanğınla bağlı təlim keçmişik. Yanğın söndürməyə vedrə ilə su gətirirdik. Palatada 20-ə yaxın eletrik yuvası var idi. Onların əksəriyyəti açıq vəziyyətdə idi. Bizi də bir neçə də “silkələmişdi”. Bununla bağlı biz yuxarı bildirmişdik. Ehtimal ki, elə yanğın orada baş verib və yayılıb. Uşaq çox olanda biz elektrik yuvalarına uzadıcı taxırdıq. Hətta elə olub ki, uzadıcıya da uzadıcı taxırdıq”.

    Şahid bildirib ki, mərkəzdə yanğın ilk dəfə deyil baş verib:

    “Respublika Perinatal Mərkəzində əvvəllər də yanğın baş verib. 2- və 3-cü mərtəbələrdə müxtəlif vaxtlarda kiçik yanğın baş verib. Onu tez söndürmüşük, heç kim bilmədi. Əvvəllər palata 2 otaqdan ibarət idi. Mehriban Abasquliyeva direktor təyin edildikdən sonra palataların sayı əvvəl 3, sonra isə 4 oldu. Yüklənmə çox idi. İşimiz çoxalmışdı. Bizə təlim zamanı demişdilər ki, hər palatada ən çox 4 küveyz ola bilər, amma bizim palatalarda küveyz çox idi. Normatik sayda küveyz olduğu zaman elektrik yuvaları bəs edirdi, uzadıcıya ehtiyac yox olmurdu, isidicilər belə bəs edirdi. ”.

    İfadələrdə ziddiyyət aşkarlandığı üçün şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.

    Şahid ibtidai istintaqa alovun küveyzdən qalxdığını desə də, məhkəmə ifadəsində elektrik yuvasından baş verdiyini bildirmişdi.

    Şahid bu epizod üzrə ibtidai istintaqa verdiyi ifadəni təstiq edib.

    Proses iyunun 30- da davam etdiriləcək.

    Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

    Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
    
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.


    SON XƏBƏRLƏR

    13 Iyun 2025