BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, sənəddə Fransa hakimiyyətinin kanak xalqının hüquqları və siyasi iradəsi ilə bağlı fəaliyyəti ciddi tənqid olunub.
Komitə bildirib ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli kanak xalqının iştirakı ilə, sərbəst və şəffaf şəkildə həyata keçirilməlidir.
Bəyanatda qeyd olunub ki, 12 dekabr 2021-ci ildə Fransanın Kanakidə keçirdiyi üçüncü "öz müqəddəratını təyinetmə referendumu" kanak xalqının milli matəm dövrünə təsadüf edib. Buna baxmayaraq, referendumun təxirə salınması ilə bağlı yerli əhalinin legitim çağırışları Fransa hakimiyyəti tərəfindən nəzərə alınmayıb.
Sənəddə vurğulanıb ki, kanak xalqını təmsil edən Kanaki Adət-Ənənə Senatı və səkkiz bölgənin adət şuraları məsələ ilə bağlı dəfələrlə rəsmi müraciətlər etsələr də, onların mövqeyi görməzlikdən gəlinib.
Komitə hesab edir ki, referendumdan sonra Fransa "siyasi islahat" adı altında kanak xalqının hüquq və maraqlarına zidd prosesləri birtərəfli qaydada həyata keçirib. Bildirilib ki, yerli əhali öz gələcəyi ilə bağlı qərarvermə prosesindən kənarda saxlanılıb, ənənəvi idarəetmə institutlarının nüfuzdan salınmasına yönəlmiş siyasət aparılıb.
Bəyanatda qeyd edilib ki, Fransa Numea Sazişi ilə müəyyən olunmuş siyasi çərçivəni birtərəfli qaydada dəyişməyə cəhd göstərib və bununla da öz müqəddəratını təyinetmə prosesinə təhlükə yaradıb.
Komitə, həmçinin seçki korpusunun genişləndirilməsini nəzərdə tutan qanun layihəsinin kanak xalqının razılığı olmadan hazırlanmasından narahatlığını ifadə edib. Qeyd olunub ki, seçki sisteminə bu cür müdaxilə kanak xalqının gələcəyini sərbəst müəyyənləşdirmə hüququna və dekolonizasiya prosesinə ciddi zərər vurur.
Sənəddə 2024-cü ilin may ayında baş vermiş etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq güc tətbiqi, o cümlədən ölümcül zorakılıq halları ilə bağlı iddiaların beynəlxalq insan hüquqları çərçivəsində araşdırılmasının vacibliyi vurğulanıb.
Bundan əlavə, bildirilib ki, 2025-ci ildə Fransanın Bujival şəhərində Kanakinin gələcəyinə dair qapalı formatda aparılmış danışıqlar nəticəsində yeni siyasi razılaşma hazırlanıb. Lakin bu prosesdə kanak xalqını təmsil edən institutların iştirakı təmin edilməyib.
Komitə sənəddə kanak xalqının hələ də struktur xarakterli irqi ayrı-seçkiliyə məruz qaldığını qeyd edib. Bildirilib ki, bu vəziyyət onların siyasi, iqtisadi, sosial və mədəni hüquqlardan tam və bərabər şəkildə istifadə etməsinə ciddi maneələr yaradır.
Bu səbəbdən Fransa hökumətinə kanak xalqının siyasi proseslərdə bərabər və səmərəli iştirakını təmin etmək, fundamental hüquqlarını qorumaq, zorakılıqla bağlı iddiaları müstəqil və şəffaf şəkildə araşdırmaq, həmçinin BMT-nin tövsiyələrini tam və ardıcıl icra etmək çağırışı olunub.
Qeyd edək ki, 2024-cü ildə Bakı Təşəbbüs Qrupu tərəfindən Fransanın müstəmləkəçilik siyasəti və kanak xalqının hüquqlarının pozulması ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim edilmiş alternativ hesabatda qaldırılan məsələlər də komitənin hazırkı bəyanatında öz əksini tapıb.
Bakı 




