Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində BMT İnsan Hüquqları Şurasının (İHŞ) 57-ci Sessiyası öz işinə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İHŞ-nin 2024-cü il Dövrünün sədri və Mərakeşin BMT-nin Cenevrə Bölməsindəki daimi nümayəndəsi səfir Ömər Zniberin sədrliyi ilə keçirilən iclasda açılış nitqi ilə çıxış edib.
Türk qeyd edib ki, insan haqları böhranlı vəziyyətdə deyil, lakin prosesləri həyata keçirmək üçün yüksək siyasi liderlik bacarığı lazımdır:
“Dünyada ümumbəşəri insan haqları hesabına hakimiyyəti ələ keçirmək və ya saxlamaq üçün köklü güc dinamikasının işə düşdüyünü görürük".
Komissar irqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün cəmiyyəti təsir altına almaqda davam etdiyini və bu səbəbdən bir çox bölgədə sosial-iqtisadi bərabərsizliklərin dərinləşdiyini bildirib.
Şəffaflıq və hesabatlılıq üçün həyati əhəmiyyət kəsb edən məlumat yönümlü siyasətlərin əskik olduğunu vurğulayan Türk diqqətə çatdırıb:
"Bəzi media orqanları tərəfindən dəstəklənən, mühacirləri, qaçqınları və azlıqları günah keçisi edən siyasətçilər var. Biz Avstriya, Fransa, Almaniya, Macarıstan, Böyük Britaniya və ABŞ-da seçki dövrlərində bunun nümunələrini görmüşük. Onlar narahatlıq və ümidsizlikdən istifadə edirlər".
Volker Türk 17 aydır vətəndaş müharibəsinin davam etdiyi Sudana səfər etdiyini və bu gün ölkənin ən pis humanitar, həmçinin müdafiə böhranlarından birini yaşadığını bildirib.
Qəzzada 7 oktyabr 2023-cü ildən bəri davam edən müharibəyə işarə edən Türk hücumlarda 1200 israillinin öldüyünü xatırladıb:
"İsrail ordusunun hücumları nəticəsində 40 mindən çox fələstinli həyatını itirib, minlərlə insan yaralanıb və Qəzzada dağıntılar altında qalıb. Fələstinlilər hər gün həyatda qalmaq üçün mübarizə aparır. Qəzza zolağında təxminən 1,9 milyon insan məcburi köçkün vəziyyətinə düşüb".
Ali Komissar dünyanın müxtəlif yerlərində davam edən böhranlarla bağlı da qiymətləndirmələr aparıb.
İHK-nın 57-ci Sessiyasının açılışında bir çox ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
30 interaktiv dialoq görüşünün keçiriləcəyi, münaqişə zonalarında vəziyyətlərin müzakirə olunacağı və ölkə hesabatlarının təqdim olunacağı sessiya oktyabrın 11-də başa çatacaq.
Əli Hüseynov