Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə mətbuat konfransı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, mətbuat konfransında Fransa və Niderland müstəmləkələrindən olan Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polinezyası, Mayot, eləcə də Valis və Futuna kimi ərazilərdən müstəqillik hərəkatlarının nümayəndələri, dekolonizasiya üzrə ekspertlər, reparasiya mütəxəssisləri və insan hüquqları müdafiəçiləri iştirak ediblər.
Mətbuat konfransında Fransa hökuməti tərəfindən qeyri-qanuni həbs olunan Yeni Kaledoniyalı siyasi məhbusların ailə üzvləri də iştirak edib.
Siyasi məhbusların ailələri Fransa hökumətinin onların hüquqlarını kobud şəkildə pozduğunu, saxlanılma şəraitinin qeyri-insani olduğunu və hüquqi müdafiə imkanlarının məhdudlaşdırıldığını bildiriblər. Onlar beynəlxalq təşkilatları təzyiq göstərməyə və məhbusların dərhal azad edilməsinə çağırıblar.
Qvadelup və Korsika müstəqillik hərəkatlarının nümayəndələri Fransanın təbii fəlakətlərə verdiyi reaksiyanı və bu məsələlərlə bağlı hərəkətsizliyini sərt şəkildə tənqid ediblər.
Qlobal Təzminat Hərəkatının Prezidenti, Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi Jose Martin Jean-Pierre (Qvadelup) deyib ki, Qvadelupda Fransa həmişə təbii fəlakətlərlə bağlı öz tərəfindən çıxış edir: ”Təbii fəlakətlər zamanı Fransa höküməti deyir ki, biz böyük dövlətik və bu kimi vəziyyətdə ancaq sizə biz kömək edə bilərik və sadəcə bunu bizi susdurmaq üçün edirlər".
“Nazione” müstəqillik Hərəkatının üzvü François Benedetti (Korsika) Mayotdakı situasiyanı vurğulayıb: ”Mayotda təbii fəlakət hadisələrindən sonra Fransanın konkret planı yox idi. Fransa höküməti planlı şəkildə hərəkət etmədi, orda hərbi baza yerləşdirdi. Təbii fəlakətdən əziyyət çəkən bir ərazidə hərbi bazanın olması doğru deyildi".
Sonda qonaqlar müstəmləkəçiliyin davam edən təsirləri, milli və dini kimliyin qorunması istiqamətində görülən işlər və müstəqillik hərəkatlarının üzləşdiyi təhdidlər barədə jurnalistlərin suallarını cavablandırıb, Azərbaycanın dekolonizasiya prosesində qlobal rolunu yüksək qiymətləndiriblər.