• Bakı 31° C

    2.6 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Bu hallarda heyvan sahibləri cəzalandırıla bilər - QANUN

CƏMİYYƏT

01 Sentyabr 2021 | 12:05

Bu hallarda heyvan sahibləri cəzalandırıla bilər - QANUN

Dövlət Yol Polis İdarəsi yollarda, dəmiryol keçidlərində, küçə və meydanlarda nəqliyyat vasitələrinin hərəkəti zamanı heyvanların vurulmasının yol-nəqliyyat hadisəsi hesab olunduğu və bunun məsuliyyət yaratdığı barədə sürücülərə müraciət edib. Maraqlıdır ki, bəzi hallarda yalnız sürücülər yox, həm də heyvan sahibləri cəza ala bilər.

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü vəkil Turan Abdullazadə Bakıvaxtı.az-a danışıb:

Avtomobil yollarında qəzaların bir hissəsi yola çıxan heyvanlara görə baş verir. Belə hallarda heyvan sahibləri məsuliyyətə cəlb olunur. "Yol hərəkəti haqqında” qanunun 39-cu maddəsində qeyd olunub ki, sahibləri mal-qaranı asfalt və sement-beton örtüklü yollarla, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən ötürməməlidirlər. İnzibati Xətalar Məcəlləsinə əsasən bu sahədə qanunvericiliyin pozulmasına görə 40 manat cərimə cəzası nəzərdə tutulub. Mal-qaranın ötürülməsi üçün yalnız xüsusi yerlər var.

Həmin yerlər müvafiq yol nişanları ilə təchiz olunur. Həmin ərazilərdə sahibləri mal-qara sürüsünü son dərəcə diqqətli, nəzarət edərək ötürməlidir. Əks halda, onların bu hərəkətləri hər hansı bir yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olarsa, mal-qara sahibləri də məsuliyyət daşıyırlar. Həmin əməllər nəticəsində hər hansı bir hərəkət iştirakçısı ağır xəsarət alıbsa və ya ölümlə nəticələnirsə, təbii ki, belə hallarda həmin şəxslər inzibati yox, cinayət məsuliyyəti daşıyırlar. Qeyd edirəm ki, əgər nəzarətsiz qalan ev heyvanlarının avtomobil yoluna çıxması nətiəcəsində yol-nəqliyyat hadisəsi baş verirsə həmin heyvanların sahibi məsuliyyətə cəlb olunur. Yol-nəqliyyat hadisəsi nəticəsində piyada ölümü və ya hər hansı yol hərəkəti iştirakçısının ölümü və ağır xəsarət alması halları olarsa belə halda həm maşını idarə edən şəxs, həm heyvan sahibi məsuliyyətə cəlb oluna bilər.

Əgər maşını idarə edən şəxsin ev heyvanının yola çıxması səbəbindən dolayı yol-nəqliyyat hadisəsi törətməsi və onun həqiqətən hadisənin qarşısını almağa texniki imkanlarının olmaması halı müəyyən olunarsa-maşını idarə edən şəxs barəsində başlanılmış cinayət işinin icraatına xitam verilə, habelə iş məhkəməyə göndərilmişdirsə hətta barəsində bəraət hökmü də çıxarıla bilər. Mal-qaranın yola çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş verirsə hüquq-mühafizə orqanları tərəfindən mal-qara sahibinin müəyyən edilməsi ilə bağlı tədbirlərə başlanılır. Əgər yol nəqliyyat hadisəsi ev heyvanları tərəfindən deyil, küçə heyvanlarının yola çıxması nəticəsində baş verirsə burada təqsirin yol hərəkəti iştirakçısının hansında olması aydınlaşdırılmalıdır. Əgər müəyyən edilərsə ki, yol hərəkəti iştirakçısının baş vermiş hadisənin qarşısını almağa texniki imkanı yoxdur, bu halda o məsuliyyətdən azad edilə bilər. Hesab edirəm ki, bu məsələlər üzrə dəqiq araşdırma aparılmalı, təqsirin mal-qara sahibində yoxsa yol hərəkəti iştirakçılarında olması məsələsi dəqiq müəyyən edilməli, daha sonra bu barədə adekvat tədbirlər görülməlidir.

Aytac Aslan


SON XƏBƏRLƏR

20 Iyul 2025