Son günlər yağan yağış paytaxtda saatlarla nəqliyyat tıxacına səbəb olur.
Qeyd etmək lazımdır ki, yağıntının ilk günü şəhərin bir sıra ərazilərində küçələri və obyektləri də su basmışdı.
Prezident cənab İlham Əliyev ölkənin inkişafı naminə hər il dövlət büdcəsindən qurumlara kifayət qədər vəsait ayırır. Lakin bir gün yağan yağış şəhərdə bu kimi problemlərə yol açır.
Bu məsələdə hansı qurum günahkardır? Ayrılan pullar hara gedir?
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev Bakıvaxtı.az-a bildirib ki, doğrudur ki, yağış və ya qar yağanda Azərbaycanda, xüsusən, paytaxtda problemlər yaşanır:
“Bu problemlərə görə bir qurumu günahlandırmaq olmaz. Bakı şəhəri uzun müddət xaotik, qeyri-qanuni yollarla tikilib, şəhərin baş planı nəzərə alınmayıb və demək olar ki, heç bir infastruktur yaradılmadan şəhər kor-təbii olaraq şimala, cənuba, şərqə, qərbə doğru genişləndirilib. Nəticəsi isə acınacaqlıdır. Başqa ölkələrdə birinci infastruktur yaradılır, yol çəkilir, kanalizasiya xəttləri qurulur, su, qaz, işıq xəttləri çəkilir və daha sonra insanların yaşayışına icazə verilir. Amma Azərbaycanda qeyri-qanuni yollarla torpaqlar satılıb, tikilən evlərə göz yumulub, rüşvət alınıb və onlar da tikintini həyata keçiriblər. Daha sonra insanlar şikayət ediblər ki, qaz, su, işıq yoxdur. Onun üçün də indi bundan sonrakı mərhələdə bu problemlərin hamısını həll etmək üçün otuz il bundan qabaq baş verən qeyri-qanuni hərəkətlər, icazələrin nəticəsində yaranan problemlər həll edilməlidir”.
“Biz bu gün otuz ildən yığılıb qalan problemlərin həlli ilə bağlı danışırıq. Buna görə də geniş dövlət proqramı olmalı, böyük pullar ayrılmalıdır və səlahiyyətli qurumlara göstəriş verilməlidir ki, bu müddət ərzində bütün Bakı üzrə monitorinq aparılsın və mənə elə gəlir ki, onsuz da aparılıb və müəyyən edilib. Sonra isə onların xərci hesablansın və buna görə də illərə bölünərək dövlət büdcəsindən vəsait ayrılır ki, həmin problemlər həll olunsun. Problem həll olunmayan yerlərdən isə insanlar köçürülməlidir. Bunun yolu budur. Hazırki dövlət qurumu rəhbərlərindən konkret kimisə gübahlandırmaq olmaz. Təbii ki, onların içərisində elələri var ki, bu məsələlər onların zamanında edilib. Amma elələri də var ki, onlar yeni vəzifəyə təyin olunublar və bu məsələlərdə məsuliyyətləri yoxdur”.
Nuranə Daxilqızı
















